Ötən ay Azərbaycanda 4 600-dən artıq vergi ödəyicisi qanunvericiliyi pozub

Ötən ay Azərbaycanda 4 600-dən artıq vergi ödəyicisi qanunvericiliyi pozub
# 05 sentyabr 2014 07:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin avqust ayı ərzində Azərbaycanda 4 600-dən artıq vergi ödəyicisi qanunvericiliyi pozub.

Vergilər Nazirliyinin Analitik-informasiya şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, ötən ay əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4 611 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.

720 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 194 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 579 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

3 vergi ödəyicisi tərəfindən 56 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 175 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 30 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR