BMT baş katibi Ümumdünya Diabet Günü ilə bağlı müraciət yayıb

BMT baş katibi Ümumdünya Diabet Günü ilə bağlı müraciət yayıb
# 14 noyabr 2012 08:13 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Bu gün Ümumdünya Diabet Günüdür. BMT-nin baş katibi Pan Gi Mun bununla bağlı ictimaiyyətə müraciət edib. BMT-nin Bakı ofisindən APA-ya verilən məlumata görə, baş katib müraciətində vurğulayıb ki, diabet ən geniş yayılmış qeyri-yoluxucu xəstəliklərdən biridir. Dünyada üç yüz əlli milyon insan diabetdən əziyyət çəkir – onların 80%-i inkişaf etməkdə olan ölkələrin payına düşür – əhalinin yaşlanması və qeyri-sağlam həyat tərzi xəstəliyin hər il bir az daha artmasına səbəb olur: “Diabet xəstəliyi vaxtında aşkarlanıb müalicə edilməzsə, sonradan sağlamlıqla bağlı ciddi narahatlıqlar yarada bilər. Hər il üç milyondan çox diabet xəstəsi ürəktutma, iflic və böyrək çatışmazlığı kimi problemlər səbəbindən dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, diabetlə bağlı ölüm halları 2030-cu ilə qədər üçdə iki dəfə artacaq. Diabet inkişafa təsir göstərir. Yoxsul əhali qeyri-mütənasib şəkildə təhlükə ilə üz-üzə qalır və bu təsirə məruz qalmış ailələr daha çox yoxsullaşırlar. Diabet xəstəliyi milli səhiyyə sistemlərinə mənfi təsir göstərir və 2015-ci ilə qədər Minilliyin İnkişaf Məqsədləri, həmçinin aşağı və orta gəlirli ölkələrdə çətin qazanılmış inkişaf nailiyyətlərini itirmək qorxusu yaradır. Dünya üzrə bütün dövlətlər vətəndaşlarını diabet riskini artıran amillərdən qorumaq üçün mübarizə aparır. Bu amillərə qeyri-sağlam qidalanma, fiziki fəaliyyətsizlik və alkoqoldan istifadə daxildir. Bir çox dövlətlər ehtiyacı olanları diabetlə bağlı zəruri məlumat, müalicə və qayğı ilə təmin edərkən problemlərlə üzləşir”.

Baş katib Ümumdünya Diabet Günündə, diabetin qarşısını almaq və bu xəstəlikdən əziyyət çəkən hər bir kəsin, xüsusilə yoxsul və əlverişsiz şəraiti olanların həyat səviyyəsini qaldırmaq üçün daha böyük birgə mübarizə yollarına əl atmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR