Azərbaycan sığorta bazarı son bir ildə 46% artıb

Azərbaycan sığorta bazarı son bir ildə 46% artıb
# 16 fevral 2013 09:31 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu ilin yanvar ayında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının ümumi həcmi 53,919 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 45,7% çoxdur.


Maliyyə Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə sığorta hadisələri üzrə ödənişlərin ümumi həcmi 59,1% artaraq 7,000 mln. manat olub.


Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 2,5 dəfə artaraq 7,031 mln. manat, qeyri-həyat sığortası üzrə 34,8% artaraq 41,546 mln. manat, icbari sığorta növləri üzrə isə 56,2% artaraq 5,342 mln. manat təşkil edib.

Daxilolmaların strukturunda ən çox sığorta haqqı «Tibbi sığorta» (26,590 mln. manat), «Həyatın yaşam sığortası» (6,726 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (3,809 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (3,703 mln. manat), «Hava nəqliyyatı vasitələrin sığortası» (3,667 mln. manat), «Hava nəqliyyatı vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortası» (2,445 mln. manat), «Əmlakın yanğından və digər risklərdən sığortası» (1,809 mln. manat) növləri üzrə toplanıb.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə ödənilən vəsaitlərin həcmi təxminən 74,969 min manata bərabər olub. Ötən ilin yanvarında bu növ üzrə ödəniş aparılmayıb. Qeyri-həyat sığortası üzrə ödənişlər 11,1% artaraq 4,472 mln. manata, icbari sığorta növləri üzrə isə 6,6 dəfə artaraq 2,454 mln. manata çatıb.


Ödənişlərdə ən çox vəsait «Tibbi sığorta» (2,152 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (1,959 mln. manat), «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» (1,680 mln. manat) növləri üzrə ödənilib.


Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR