Azərbaycanın iqtisadiyyat və sənaye naziri İranın Gömrük Xidmətinin rəhbəri ilə görüşüb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri İranın Gömrük Xidmətinin rəhbəri ilə görüşüb
# 01 oktyabr 2014 14:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev ölkəmizdə səfərdə olan İranın Gömrük Xidmətinin rəhbəri Məsud Kərbasiyanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verlən məlumata görə, görüşdə Ş. Mustafayev iki qonşu ölkə olan Azərbaycan və İran arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi, əməkdaşlığın genişlənməsində dövlət başçılarının səfərlərinin və keçirilən görüşlərin xüsusi əhəmiyyətini vurğulayıb: “2014-cü ildə Azərbaycan və İran dövlət başçılarının Davos, Tehran və bu günlərdə Həştərxanda keçirilmiş görüşləri ölkələr arasında əlaqələrin inkişafına böyük töhfədir. Bu gün Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olması iqtisadi əməkdaşlığın genişləndirilməsinə əlverişli zəmin yaradır”.

Ş. Mustafayev ölkələr arasında gömrük sahəsində də əməkdaşlığın genişləndirilməsinin əhəmiyyətini qeyd edib, bunun ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında rolunu vurğulayıb, Biləsuvar-Culfa (İran) dövlət sərhədində buraxılış məntəqəsinin 24 saatlıq iş vaxtına keçməsinin və cümə günləri də işləməsinə dair qərarın təqdirəlayiq olduğunu diqqətə çatdırıb: “Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının bu ilin avqustunda Bakıda keçirilmiş iclasında əldə olunmuş razılaşmaya uyğun olaraq, gömrük əməkdaşlığının genişləndirilməsi üçün işlər bundan sonra da davam etdiriləcək”.

M. Kərbasiyan son illər digər sahələrdə olduğu kimi, gömrük sahəsində də əlaqələrin genişlənməsini qeyd edərək İran və Naxçıvan arasında viza prosedurlarının sadələşdirilməsinin və müvafiq rüsumun azaldılmasının əlaqələrin inkişafına töhfə verəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR