Tovuz rayonunun daha bir kəndi içməli su ilə təchiz olunub

Tovuz rayonunun daha bir kəndi içməli su ilə təchiz olunub
# 05 iyun 2015 13:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. “Azərsu” ASC-nin təxirəsalınmaz tədbirlər planına uyğun olaraq Tovuz rayonunun içməli sudan əziyyət çəkən Düz Cırdaxan kəndinin içməli su təchizatı sistemlərinin yaradılması layihəsi icrası uğurla başa çatdırılıb.

“Azərsu” ASC-nin mətbuat katibliyindən “APA-Economics”ə verilən məlumata görə, Düz Cırdaxan kəndinə içməli suyun verilməsi ilə bağlı təşkil olunan tədbirdə çıxış edən Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov son illər rayonda həyata keçirilən sosial və infrastruktur layihələri barədə məlumat verib, içməli su və kanalizasiya layihələrinin əhəmiyyətindən danışıb. İcra başçısı Düz Cırdaxan kəndinin içməli su probleminin həllini böyük hadisə adlandırıb.

Tovuz rayonundan millət vəkili seçilmiş Qənirə Paşayeva layihənin başa çatması və kəndə içməli suyun verilməsi münasibətilə sakinləri təbrik edərək, “Azərsu” ASC tərəfindən layihənin icrasının qısa müddətdə başa çatdırılmasını yüksək qiymətləndirərək bildirib ki, “Azərsu” rəhbərliyi Düz Cırdaxan kəndinin içməli su probleminin həlli ilə bağlı müraciətə müsbət cavab verib və yerli sakinlərin içməli su problemi birdəfəlik həll olunub.

““Azərsu” ASC-nin sifarişi əsasında hazırda 29 şəhər və rayon mərkəzində su-kanalizasiya layihələri icra olunur. Bu layihələr çərçivəsində rayon mərkəzlərinə yaxın, həmçinin magistral kəmərlərin marşrutu boyunca yerləşən kəndlərin də içməli su təchizatı yaxşılaşdırılır. İçməli su çatışmazlığı müşahidə olunan bəzi kəndlərdə isə təxirəsalınmaz layihələr icra edilir. Tovuz rayonunun Düz Cırdaxan kəndi üçün ötən il layihə işlənib hazırlanıb və qısa müddətdə tikinti-quraşdırma işləri başa çatdırılıb”, - deyə “Azərsu” ASC-nin “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov bildirib.

Qeyd edək ki, 2014-cü ilin yayında icrasına başlanan layihəyə əsasən, su mənbəyi Tovuzçay seçilib və çay yatağında 95 metr uzunluğunda suqəbuledici qurğu (drenaj qurğusu) yaradılıb. Su mənbəyindən kəndə çəkilən 18,5 km mövcud magistral su xəttinin 3,5 km-lik hissəsi əsaslı şəkildə bərpa edilib, kənd ərazisində dik dayaq və bulaq kompleksi quraşdırılıb. Layihənin icrası Düz Cırdaxan kəndinin 2 816 sakinin içməli su təchizatını yaxşılaşdırıb.

“Azərsu” ASC hazırda Tovuz və Qovlar şəhərləri ilə yanaşı, rayonun 13 kənd yaşayış məntəqəsinə xidmət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR