Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək

Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının illik konfransı keçiriləcək
# 21 oktyabr 2014 14:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Oktyabrın 27-28-də Bakıda Enerji Tənzimləyicilərinin Regional Assosiasiyasının (ERRA) təşkilatçılığı və Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin tərəfdaşlığı ilə ERRA-nın İnvestisiyalar və Enerji Tənzimlənməsi üzrə 13-cü illik Konfransı keçiriləcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, enerji tənzimlənməsi üzrə əsas beynəlxalq tədbirlərdən hesab olunan konfransda dövlət rəsmilərinin, energetika və su ehtiyatları ilə bağlı olan qurumların nümayəndələrinin, investorların, bank təmsilçilərinin, məsləhətçilərin və s. iştirakı nəzərdə tutulur. Ümumilikdə, konfransda 30-dan artıq ölkədən 200-ə yaxın nümayəndənin iştirakı gözlənilir.

ERRA-nın bu ilki konfransı enerji sektoru, enerji təhlükəsizliyi, bərpa olunan enerjinin yayılması ilə bağlı çağırışlar, enerji bazarlarında istehlakçıların hüquq və səlahiyyətlərinin genişləndirilməsi, su ehtiyatlarının tənzimlənməsi mövzularına həsr olunacaq.

Qeyd edək ki, Azərbaycan Tarif (qiymət) Şurasının da üzv olduğu Enerji Tənzimləyicilərinin Regional Assosiasiyası (ERRA) Mərkəzi Avropa, Avrasiya, ABŞ, Afrika, Asiya və Yaxın Şərq ölkələrindən olan tənzimləyici qurumların birliyidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR