İran "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının qorunmasını öz üzərinə götürüb

İran "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının qorunmasını öz üzərinə götürüb
# 14 iyun 2016 10:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu gün Milli Məclisin növbədənkənar plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə qanunun layihəsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, qanun layiəhsi barədə Milli Məclis sədrinin müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov məlumat verib.


Sazişdə qeyd edilib ki, hər iki ölkənin suverenliyi, ərazi bütövlüyü və mənafeləri əsasında Araz sərhəd çayı üzərində "Xudafərin" və "Qız Qalası" qalası hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsinin davam etdirilməsi və istismarı ilə əlaqədar birgə fəaliyyət göstərəcəklər.

İran tərəfi hidroqovşaqların və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsini bu saziş əsasında aparacaq. Hidroqovşaqların və su elektrik stansiyalarının qorunması, istifadəsi və saxlanılmasına görə məsuliyyət bərabər şəkildə tərəflərin üzərinə düşür. İran mövcud şəraitdə, BMT qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycnın ərazi bütövlüyü bərpa olunanadək bu məsuliyyəti fors-major halları istisna olmaqla, öz üzərinə götürür. Tərəflərin "Xudafərin" və "Qız Qalası" qalası hidroqovşaqlarının su ehtiyatlarından istifadə etməsi bərabərlik prinsipi əsasında həyata keçiriləcək və hər bir tərəfin su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi həmin ölkəyə məxsus olacaq.

Azərbaycana məxsus "Xudafərin" və "Qız Qalası" su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İran ərazisində istifadə edilə bilər. Azərbaycan tərəfi bu su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini qarşılıqlı razılaşma əsasında tranzit ötürmək hüququna malikdir. Hər ilin sonunda Azərbaycan tərəfinin enerji payı Birgə Texniki Komissiya tərəfindən müəyyən olunacaq və tariflərin razılaşdırılması yolu ilə hesablaşma aparılacaq.

Sazişin təsdiq edilməsi barədə qanunun layihəsi müzakirəyə çıxarılıb və qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR