Gömrük Akademiyasının tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” adlı bilik yarışında iştirak ediblər

Gömrük Akademiyasının tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” adlı bilik yarışında iştirak ediblər
# 12 noyabr 2015 12:07 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Heydər Əliyev Mərkəzində keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” adlı II ümumrespublika bilik yarışında Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri də uğurla iştirak ediblər.

Komitədən “APA-Economics”ə verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən layihə Heydər Əliyevin həyat və fəaliyyətinin öyrənilməsi, gənc nəsil arasında təbliği məqsədi daşıyır.

Yarışda ölkənin ali məktəblərində təhsil alan tələbələrdən ibarət komandalar iştirak edirlər. Bu il hər ali məktəbdən bir komanda olmaqla yarışda, ümumilikdə 46 komanda mübarizə aparıb. 3 turdan ibarət yarışın hər turunda 12 sual səsləndirilib. Suallar Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrləri ilə bağlı mövzuları əhatə edib. Qalib komanda turlar üzrə qazanılmış ümumi xallar əsasında müəyyənləşdirilib.

Qeyd edək ki, yarış ərəfəsində bütün komandaların Heydər Əliyev Mərkəzinə ziyarəti təşkil olunub. Tələbələr mərkəzdə fəaliyyət göstərən Heydər Əliyev muzeyi ilə də tanış olub, zəngin foto və videomateriallarla yanaşı, arxiv sənədləri əsasında da araşdırma aparıblar.

Bilik yarışında I, II və III yerləri qazanan komandalar Heydər Əliyev Mərkəzi və Təhsil Nazirliyi tərəfindən hədiyyə və diplomlarla təltif olunublar.

Dövlət Gömrük Komitəsi Akademiyasının tələbələri isə yarışda 46 komanda arasında 12-ci yeri tutublar. Onu da qeyd edək ki, Gömrük Akademiyası 1 ildir fəaliyyət göstərir və bu yarışa ilk dəfə qatılıb. Tədbirdə iştirakına görə akademiyanın tələbələrinə xüsusi sertifikatlar təqdim edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR