Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri Fikrət Məmmədovla görüşüblər

  Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri Fikrət Məmmədovla görüşüblər
# 24 dekabr 2014 07:46 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə naziri yanında fəaliyyət göstərən İctimai Komitənin üzvləri ədliyyə naziri Fikrət Məmmədovla görüşüblər.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov son illər ədliyyə və məhkəmə sahəsində aparılan islahatlardan bəhs edərək həyata keçirilən tədbirlərdə ictimai iştirakçılığın geniş tətbiqi, o cümlədən İctimai Komitənin vasitəsilə vətəndaş cəmiyyəti nümayəndələrinin fəal iştirakını qeyd edib.

Məlumatda qeyd olunub ki, görüşdə çıxış edən komitə üzvləri bəzən problemlərlə rastlaşdıqlarını qeyd ediblər. Belə ki, Bakı İstintaq Təcridxanasına həkimlərlə birgə sonuncu başçəkmə zamanı onlar özünü "məzlum" kimi göstərməyə çalışan və səhhəti ətrafında əsassız səs-küy yaratmağa cəhd edən şəxs tərəfindən hörmətsizliyə və təhqirə məruz qaldıqlarını bildiriblər.

Görüşdə qarşılıqlı fəaliyyətə dair geniş müzakirələr aparılıb, İctimai Komitənin işinin daha da canlandırılması, əməkdaşlığın yeni formaları ilə bağlı təkliflər irəli sürülüb.

Qeyd olunub ki, İctimai Komitə tərəfindən ötən dövr ərzində müxtəlif cəzaçəkmə müəssisələrinə 310-dan çox başçəkmə həyata keçirilib. Bu zaman məhkumların saxlanma şəraitinə və islah prosesinə xüsusi diqqət yetirilib, 1500-ə yaxın məhkuma müxtəlif hüquqi yardım göstərilib.

Eyni zamanda, İctimai Komitənin üzvləri nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi ilə bağlı yaradılmış Komissiyanın işinə cəlb olunurlar. Bu məqsədlə cəzaçəkmə müəssisələrinə 150-dən artıq səfər edilərək məhkumlarla görüşlər keçirilib.

İnsan hüquqlarının təminatı və islah işinin səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edən Komissiyanın fəaliyyəti çərçivəsində obyektivlik və şəffaflıq prinsipləri əsasında 2000-ə yaxın məhkum şərti azad olunmağa və ya yüngül rejimli müəssisəyə keçirilməyə layiq bilinib və məhkəmələrdə baxılmış həmin işlərdən 95%-i müsbət həll edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR