Ərdoğan Atatürk hava limanında terror aktını kəskin pisləyib

Ərdoğan Atatürk hava limanında terror aktını kəskin pisləyib
# 29 iyun 2016 03:30 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İstanbulun Atatürk hava limanında törədilən terror aktından sonra dünya ictimaiyyətini terrorçuluqla qətiyyətli mübarizəyə çağırıb.

APA-nın xəbərinə görə, bu barədə Ərdoğanın yazılı bəyanatında bildirilir.

“İstanbuldakı terror aktını hiddətlə pisləyirəm. Müqəddəs Ramazan ayında törədilən bu hücum, terrorçular üçün heç nəyin, hətta dinin belə müqəddəs olmadığını göstərir. Bütün dünyanın, ilk növbədə Qərb ölkələrinin terror təşkilatlarına qarşı qətiyyətli mövqe nümayiş etdirəcəyini gözləyirik. Türkiyə, nəyin bahasına olursa-olsun, terrorçuluqla mübarizəni davam etdirəcək”, - deyə Ərdoğanın saytında dərc olunmuş bəyanatında qeyd olunub.

Bəyanatda qeyd edilir ki, terrorçular İstanbul və London, Ankara və Berlin, İzmir və Çikaqo arasında heç bir fərq qoymur. “Əgər biz birgə qəti mübarizə aparmasaq, onlar öz ən qorxunc planlarını həyata keçirəcəklər. Ümid edirəm ki, İstanbuldakı terror aktı, ilk növbədə Qərb ölkələri daxil olmaqla, bütün dünya dövlətlərinin iştirakı ilə terrorçuluğa qarşı ümumi mübarizədə dönüş nöqtəsi olacaq”, deyə Ərdoğan qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR