CNPC SOCAR-la birgə layihələrdə iştirak etməkdə maraqlıdır

CNPC SOCAR-la birgə layihələrdə iştirak etməkdə maraqlıdır
# 31 may 2016 14:03 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev Çin Milli Neft Korporasiyasının (CNPC) İdarə Heyətinin üzvü Vanq Şi Honqun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, R. Abdullayev Çin şirkətlərinin Azərbaycan iqtisadiyyatında, xüsusilə də enerji sektorunda iştirakının dövlətlərarası münasibətlərin möhkəmlənməsinə əhəmiyyətli töhfə olduğunu bildirib.



R. Abdullayev SOCAR və CNPC-nin birgə layihələrinin uğurla həyata keçirildiyini, iki şirkət arasında yaradılmış birgə müəssisənin səmərəli fəaliyyət göstərdiyini qeyd edib.

Vanq Şi Honq SOCAR-ın həyata keçirdiyi geniş spektrli layihələrdə iştirak etməkdə maraqlı olduqlarını vurğulayıb. O, Çində Azərbaycan iqtisadiyyatının davamlı inkişafının yaxından izlənildiyini söyləyib, fondların və ixrac-idxal bankının ölkəmizə, xüsusilə enerji sektoruna böyük maraq göstərdiklərini diqqətə çatdırıb.



Azərbaycanda əlverişli və təhlükəsiz investisiya mühitinin olduğunu qeyd edən R. Abdullayev CNPC-nin nümayəndələrinə hazırda SOCAR tərəfindən reallaşdırılan regional və qlobal əhəmiyyətli enerji layihələrinin uğurları və gələcəkdə həyata keçirilməsi nəzərdə tutulan layihələrin perspektivləri barədə ətraflı məlumat verib.

Görüşdə SOCAR-ın yeni Neft-Qaz Emalı və Neft-Kimya Kompleksi ilə bağlı qısa təqdimat keçirilib.

Sonda qonaq CNPC şirkətinin prezidentinin məktubunu R. Abdullayevə çatdırıb, onu təmsil etdiyi şirkətin rəhbərliyi adından Çinə səfərə dəvət edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR