Bu il Azərbaycanda 20 minə yaxın insan könüllü qan verib

Bu il Azərbaycanda 20 minə yaxın insan könüllü qan verib
# 14 iyun 2016 12:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. 2016-cı ilin yanvar-may ayı ərzində Azərbaycanda 19524 min könüllü qan verib və nəticədə 9 min 600 litr qan və onun komponentləri tədarük olunub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2015-ci ildə respublika üzrə keçirilən qanvermə aksiyalarında 75184 nəfər iştirak edib, 36 ton 597 litr qan tədarük edilib.

2014-cü ildə analoji göstərici 72697 nəfər təşkil edib. Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrində tibb işçilərinin iştirakı ilə qanvermə aksiyalarının keçirilməsi qrafiki təsdiq edilərək respublikanın bütün səhiyyə müəssisələrinin və təşkilatlarının rəhbərlərinə göndərilib.

Qeyd olunub ki, 18-65 yaşında olan istənilən sağlam insan könüllü qan donoru ola bilər. Qanvermə arasında interval isə ən azı 60 gün təşkil etməli və il ərzində 5 dəfədən artıq olmamalıdır.

Nazirliyin məlumatında həmçinin bildirilib ki, hər il dünyada 14 iyun tarixi Ümumdünya Qan Donoru Günü kimi qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 2005-ci ilin may ayında keçirilən Assambleyasının 58-ci sessiyasında dünya ölkələrinin səhiyyə nazirlərinin birgə könüllü təmənnasız qan donorluğunun inkişafına və dəstək olunmasına dair qətnamə qəbul edilib: "Təhlükəsiz donor qanına ehtiyac günbəgün artır. Təcrübə göstərir ki, ən təhlükəsiz olan məhz könüllü, təmənnasız donorların qanıdır. Təhlükəsiz qan, onun komponentləri və preparatları hər il minlərlə hamiləlik və doğuş zamanı ağırlaşması olan anaları, körpələri, xəsarət alanları, irsi qan xəstəliklərindən əziyyət çəkənləri ölümdən xilas etməyə kömək edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR