Yevlax-Malay mənzilinin 253-cü kilometrində Kür çayı üzərində yerləşən metal dəmir yolu körpüsü əsaslı təmirdən sonra istifadəyə verilib.
“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə,mərasimdə “Azərbaycan Dəmir Yolları” QSC sədrinin birinci müavini Əlirza Süleymanov, sədrin müavini Zaman Novruzov, Yevlax şəhər İcra Hakimiyyətinin başçısı Qoca Səmədov və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd edək ki, körpü 1927-ci ildə inşa edilib. 5 aşırımdan ibarətdir, ümumi uzunluğu 262, 77 metrdir. Körpünün aşırımlarının əsas elementlərində (eninə və uzununa tirlərində) çatlar, qopmalar, metal lövhələrin korroziyadan yeyilməsi pərçim bərkidicilərində boşalma, aşırımlarda metal yorğunluğu əmələ gəlmiş, bununla da körpünün aşırımlarının çox hissəsində konstruksiya və elementlər dayanıqlılıq qabiliyyətini itirib. Körpünün əsaslı təmiri zamanı aşırımlardan 4-ü yenidən qurulub, metal aşırım korroziyadan təmizlənib və rənglənib. Körpünün yenidən qurulması qatarların hərəkətinin təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayacaq.
Körpünün sifarişçisi “Azərbaycan Dəmir Yolları” QSC-nin, podratçı təşkilat isə “Körpübinatikinti” MMC-dir.