Azərbaycanda ötən il 150 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb

Azərbaycanda ötən il 150 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb
# 29 yanvar 2013 15:13 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ildə 150 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb ki, bunlardan 42 minə yaxını ilkin, 108 minə yaxını isə təkrar qeydiyyatla bağlı olub. Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu barədə Komitədə 2012-ci ilin nəticələrinə dair keçirilən iclasda bildirilib.

Bununla yanaşı, hesabat müddətində 32 mindən çox ipoteka müqaviləsi dövlət qeydiyyatına alınıb. Hüquqi və fiziki şəxslərə dövlət reyestrindən 110 minə yaxın məhdudiyyət arayışı, əhaliyə xidmətlə bağlı 27 minə yaxın digər müxtəlif məzmunlu arayışlar verilib. İl ərzində 140 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılaraq texniki pasport tərtib edilib.

Daşınmaz əmlakın vahid dövlət kadastrının tərtib edilməsi və aparılması istiqamətində «Sumqayıt şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritələrinin tərtibi Layihəsi» başa çatıb. Həmçinin, «Bakı şəhəri üzrə daşınmaz əmlaklar haqqında elektron kadastr məlumat bazasının yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtibi» işlərinə başlanılıb. Ötən il Bakı şəhərində yerləşən icarəyə verilən və ya özəlləşdirməyə açıq elan edilən dövlətə məxsus qeyri-yaşayış sahələrinin cizgilərinin elektron məlumat bazasına daxil edilməsi istiqamətində də işlərə başlanılıb.

Azərbaycan ərazisində yanvarın 1-nə dövlət mülkiyyətində olan 27 119 ədəd torpaq sahəsinin (113 527,65 hektar) və bu torpaq sahələrində yerləşən daşınmaz əmlak obyektləri barədə elektron kadastr məlumat bazası yaradılıb və kadastr planları tərtib edilib. Həmin torpaq sahələrindən 16 930-u (83 925,32 hektar) barədə kadastr planlarından çıxarışlar hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR