TQDK-nın 20 illiyinə həsr olunan tədbirlər başa çatıb

TQDK-nın 20 illiyinə həsr olunan tədbirlər başa çatıb
# 24 noyabr 2012 12:48 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) 20 illik yubileyinə həsr olunan dəyirmi masa keçirilib. APA-nın xəbərinə görə, dəyirmi masada açıq tipli testlərin qısaformatlı cavablarının proqram təminatı vasitəsilə oxunması və mətnə çevrilməsi, kompetensiyaların ölçülməsi üsulları, imtahan cavablarının statistik təhlilinin nəticələrinin təhsilin planlaşdırılması və keyfiyyətinin yüksəldilməsi üçün istifadə olunması sahələri üzrə birgə müzakirələr aparılıb.

Tədbirdə çıxış edən TQDK-nın sədri Məleykə Abbaszadə bu mövzuların birgə müzakirəyə çıxarılması və onlara pedaqoji ictimaiyyətin cəlb edilməsini komissiyanın növbəti uğuru hesab edib. Lakin TQDK sədri dəyirmi masada Təhsil Nazirliyindən kiminsə iştirak etməməsinə də münasibət bildirib: «Tədbir bütün ictimaiyyət və qurumların nümayəndələrinə açıq olsa da Təhsil Nazirliyindən heç kəs iştirak etmir. Əgər biz gələcəkdə tələbə qəbulu sistemində hansısa yenilik aparmaq istəyiriksə, bunun özəli orta məktəblərdə qoyulur. Ona görə də bu müzakirələrdə onların iştirakı lazım idi».

Sonra Komissiya sədri görülən işlər və nəzərdə tutulan yeniliklər barədə məlumat verib. Tədbirin davamında çıxış edən qonaqlar da mövzularla bağlı fikirlərini bildirib və qarşılıqlı fikir mübadiləsi aparılıb.

Bununla da TQDK-nın 20 illik yubileyinə həsr olunan tədbirlərə yekun vurulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR