Azərbaycanda “Gənclər  evi” sosial  xidmət  müəssisələri  şəbəkəsinin  yaradılması qaydası müəyyənləşib

Azərbaycanda “Gənclər  evi” sosial  xidmət  müəssisələri  şəbəkəsinin  yaradılması qaydası müəyyənləşib
# 14 iyun 2016 03:31 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsinin yaradılması Qaydaları”nı təsdiq edib.

APA-nın məlumatına görə, “Gənclər evi” inzibati ərazi vahidlərində əhalinin sayı nəzərə alınmaqla, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına inşa edilmiş və gənclər siyasətinə aid sahələrdə fəaliyyət göstərən sosial xidmət müəssisəsidir.

“Gənclər evi” Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan, tabeliyində olan və dövlət büdcəsindən maliyyələşdirilən qeyri-kommersiya hüquqi şəxsdir. “Gənclər siyasəti haqqında” qanuna uyğun olaraq gənclər arasında vətənpərvərlik işinin gücləndirilməsi, onların ahəngdar inkişafı və asudə vaxtının təşkili, gənclərə psixoloji reabilitasiya, hüquqi və informasiya yardımlarının göstərilməsi məqsədi ilə “Gənclər evi” sosial xidmət müəssisələrinin şəbəkəsi yaradılır. “Gənclər evi” Gənclər və İdman Nazirliyi tərəfindən Maliyyə Nazirliyi və Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırılmaqla yaradılır. “Gənclər evi” fəaliyyətində aşkarlığın və şəffaflığın təmin edilməsi üçün www.genclerevi.az səhifəsində cəmləşən rəsmi veb-səhifəsini və www.facebook.com və ya www.twitter.com sosial şəbəkələrində ünvanını yaratmalıdır. Həmin veb-səhifədə “Gənclər evi”nin iş saatları və günləri, fəaliyyət sahələri, o cümlədən, dərnəklərin, maraqlar üzrə klubların, məşğələ, treninq və təlimlərin keçirildiyi vaxt, məkan (otaq) və məsul şəxsin adı göstərilməlidir. Bundan başqa, səhifədə görüşlər, ustad dərsləri, seminarlar, sərgi, konfrans, kino və teatr tamaşaları və digər tədbirlər haqqında anonslar verilməli, gənclərin fikir və təkliflərinin öyrənilməsi üçün ekspres sorğuların keçirilməsi, müxtəlif müsabiqələrin iştirakçıları və qalibləri haqqında məlumatların yayılması təmin edilməlidir. “Gənclər evi”nin mütəxəssisləri haqqında məlumatlar da səhifədə öz əksini tapmalıdır.

“Gənclər evi”nin idarəetmə strukturu, ştat cədvəli, işçilərinin say həddi və xərclər smetası Maliyyə Nazirliyi ilə razılaşdırılmaqla Gənclər və İdman Nazirliyi tərəfindən konkret şəraitə, işin həcminə və ayrılmış maliyyə vəsaitlərinə uyğun olaraq müəyyən olunur və təsdiq edilir. “Gənclər evi”nin işçilərinə Gənclər və İdman Nazirliyinin Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi əsasında Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilmiş məbləğlərdə vəzifə (tarif) maaşları ödənilir. “Gənclər evi”nə qanunvericiliyə uyğun olaraq gənclər və idman naziri tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən, vəzifələri “Gənclər evi”nin nizamnaməsində nəzərdə tutulan və onların yerinə yetirilməsi üçün şəxsən cavabdehlik daşıyan direktor rəhbərlik edir. “Gənclər evi”nin maddi-texniki bazası dövlət büdcəsindən daxil olan ayırmalar, “Gənclər evi”nin nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa xidmət edən fəaliyyətinin təmin edilməsi üçün istifadəsinə verilmiş dövlət əmlakı və qanunvericiliklə müəyyən edilən ianələr, yardımlar və qrantlar hesabına formalaşır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR