Bakıda 6 yaşı sentyabrın 16-dan sonra tamamlanacaq uşaqların I sinfə qəbulu üzrə müsahibələr başlayıb

Bakıda 6 yaşı sentyabrın 16-dan sonra tamamlanacaq uşaqların I sinfə qəbulu üzrə müsahibələr başlayıb
# 21 iyul 2015 11:25 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Bakı şəhərində yerləşən və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan məktəblərdə 6 yaşı cari ilin sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqların I sinfə qəbulu məqsədilə müsahibələr bu gündən etibarən başlanılıb.

BŞTİ-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müsahibələr avqustun 3-nə qədər davam edəcək. Müsahibələr Bakı şəhəri Nəsimi rayonundakı 42 nömrəli tam orta məktəbdə keçirilir. Uşaqlarının vaxtından əvvəl məktəbə getməsini arzu edən valideynlər (və ya qanuni nümayəndələr) övladlarının müsahibədə iştirakı üçün iyulun 1-dən 31-nə kimi mektebeqebul.edu.az saytında qeydiyyatdan keçməlidir.

Qeydiyyatdan keçmiş valideyn müsahibənin tarixi və vaxtı barədə məlumat olan buraxılış vərəqəsini çap edərək göstərilən zamanda övladını 42 nömrəli məktəbə gətirməlidir.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirmiş şagirdlər isə mektebeqebul.edu.az saytından həmin kursu bitirdiyinə dair sertifikatı çap etməli, eyni zamanda məktəb seçməlidirlər. Kursu müvəffəqiyyətlə bitirərək sertifikat almış xüsusi istedada malik uşaqlar I sinfə müsahibədən kənar qəbul olunacaqlar.


Hazırda 3309 nəfər qeydiyyatdan keçmiş, onlardan 2681 nəfər müsahibədə iştirak üçün buraxılış vərəqəsi, 628 nəfər isə təhsil nazirinin müvafiq əmrinə əsasən müəyyən edilmiş məktəblərdə fəaliyyət göstərən məktəbəhazırlıq kursunu bitirməsinə dair sertifikat əldə edib.


Qeyd edək ki, məktəbə qəbul üçün avqustun 15-dən etibarən valideynlər müvafiq sənədləri təqdim etməklə seçdikləri məktəbdə fəaliyyət göstərən işçi qrupuna müraciət etməlidirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR