Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Azərbaycanın gömrük xidməti ilə tanış olub

Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Azərbaycanın gömrük xidməti ilə tanış olub
# 16 oktyabr 2014 13:34 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycanda səfərdə olan Özbəkistan Dövlət Gömrük Komitəsinin sədri Zoxid Dusanovun rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük-buraxılış məntəqəsinə səfər edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, qonaqlara məlumat verilib ki, 2010-cu ildə inşa olunan məntəqənin ərazisində müvəqqəti saxlanc yerləri və anbarlar, yeməkxana, inzibati bina, kinoloji xidmət üçün otaq mövcuddur.

Məntəqədə yüklərə və nəqliyyat vasitələrinə baxış ən müasir tələblər səviyyəsində həyata keçirilir. Burada quraşdırılan xüsusi rentgen aparatı dünyanın ən aparıcı dövlətlərində istifadə edilir. Bütün yüklər aparatın monitorunda aydın görünür. Bu isə qaçaqmalçılar tərəfindən daşınan yüklərin aşkarlanması ilə yanaşı, həm də gömrük xidmətinə öz işini müasir tələblər səviyyəsində qurmağa imkan verir. Gömrük-buraxılış məntəqəsi bütün zəruri avadanlıqla tam təmin edilib.

Diqqətə çatdırılıb ki, burada ixrac və idxal gömrük nəzarəti xətləri var. Gömrük-buraxılış məntəqəsində “bir pəncərə” sistemi tətbiq edilir. Məntəqənin inzibati binasında nəzarət otağı fəaliyyət göstərir. Burada gömrük yoxlamaları prosesini, habelə terminala daxil olan vətəndaşlar və nəqliyyat vasitələrini izləmək mümkündür.

Eyni zamanda, qonaqlar DGK-da “Hədəf” Mərkəzinə baxış keçirib, gömrük xidmətinin müasirləşdirilməsi layihələri ilə tanış olublar. Burada onlara bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan gömrük xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.

Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də “onlayn” şəklində “Hədəf” mərkəzinə daxil olur. Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır.

Nəzərə çatdırılıb ki, “Hədəf” mərkəzinə daxil olan video görüntülərlə yanaşı, yük-nəqliyyat vasitələrinin nəzərdə tutulan ünvana hərəkət istiqamətlərini də elektron tabloda izləmək mümkündür. “Hədəf” mərkəzində hava yolu ilə hərəkət edən sərnişinlərin kimliyi, həmçinin gün ərzində rəsmiləşdirilən yük-gömrük bəyannamələrinin sayı barədə bilgilər əldə etmək olar.

Həmin gün nümayəndə heyəti Dövlət Gömrük Komitəsinin Mərkəzi Hospitalında da olub. Qonaqlara səhiyyə ocağının üstün imkanları barədə məlumat verilib, ən müasir tibbi ləvazimatlarla təchiz olunan hospitalda xəstələrin müayinə və müalicəsi üçün hər cür şəraitin yaradıldığı nəzərə çatdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR