Gəncədə "İşğala, terrora və əsassız iddialara qarşı" Beynəlxalq Forumun 3-cü toplantısı keçirilib

Gəncədə "İşğala, terrora və əsassız iddialara qarşı" Beynəlxalq Forumun 3-cü toplantısı keçirilib
# 31 may 2016 14:31 (UTC +04:00)

Gəncə. Etibar Məmmədov - APA. Bu gün Gəncədə Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Rusiyadan olan qeyri-hökumət təşkilatlarının iştirakı ilə “İşğala, terrora və əsassız iddialara qarşı” beynəlxalq forumun 3-cü toplantısı keçirilib.

APA-nın məlumatına görə, forum üzvləri öncə Gəncə şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayevlə görüşüblər.

Sonra forum 3-cü toplantısına başlayıb.

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı bildirib ki, ötən ilin dekabr ayında təsis edilən forumun yaradılmasında məqsəd Qarabağ həqiqətlərinin dünyaya çatdırılması, qondarma “erməni soyqırımı” iddialarının ifşası, regional münaqişələrin ədalətli həllinə ictimai dəstək və bu işlərin həyata keçirilməsi üçün beynəlxalq QHT şəbəkəsinin yaradılmasından ibarətdir: "Burada məqsəd həm də Gürcüstanın və digər dövlətlərin problemlərini ortaya qoymaqdır".

Türkiyədəki Əsassız İddialara qarşı Mübarizə Dərnəyinin (ASİMDER) başqanı Göksəl Gülbəy çıxışında Azərbaycan və Türkiyənin erməni təbliğatına qarşı birlikdə mübarizə aparmasının vacibliyini diqqətə çatdırıb. O qeyd edib ki, foruma üzv ölkələrinin sayının artırılması qarşıya məqsəd kimi qoyulub.

Forum iştirakçılarından Emin Həsənli, Gürsel Özdəmir, Mehdi Mehdiyev, Cəfər Dal, Sərraf Kərimov, Mehdi Nalbəndi, Ruhullah Mütəffəkir Azad, Akif Kərimov, Əli Babayev, Nəsimi Qarabağlı və digərləri çıxış edərək təkliflər veriblər.

Sonra forumun gündəliyində duran məsələlər müzakirəyə çıxarılıb. Forumun adı dəyişdirilərək "Beynəlxlaq Anti-işğal Forumu" adlandırılıb.

Daha sonra forumun qətnaməsi qəbul edilib. Qətnamədə Azərbaycanın işğalçı Ermənistana qarşı azadlıq mübarizəsi aparmaq haqqı, Türkiyənin terrora və bölücülüyə qarşı mübarizəsinin dəstəklənməsi, Dağlıq Qarabağ, Abxaziya, Kipr və digər regional münaqişələrin ədalətli həllinə çağırış kimi məsələlər əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR