Rusiyada terror təşkilatı ilə əlaqəli deportasiya olunan şəxslər arasında Azərbaycan vətəndaşları da var

Rusiyada terror təşkilatı ilə əlaqəli deportasiya olunan şəxslər arasında Azərbaycan vətəndaşları da var
# 12 fevral 2013 18:53 (UTC +04:00)

Bakı-APA. Rusiyada fevralın 8-də hüquq-mühafizə orqanlarının keçirdikləri xüsusi əməliyyat nəticəsində aralarında azərbaycanlılar da olan saxlanılmış 7 əcnəbinin terrorçu təşkilatla əlaqəli olduğu təsdiqlənib və onlar ölkədən deportasiya olunub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Peterburq və Leninqrad vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsi açıqlama verib.

Xatırladaq ki, Sankt-Peterburq şəhərində fevralın 8-də keçirilən xüsusi əməliyyat nəticəsində terror fəaliyyətində şübhəli bilinən bir neçə ölkənin vətəndaşı saxlanılıb. Saxlanılanlar “terror fəaliyyətinin həyata keçirilməsinə açıq çağırışlar və ya terrorçuluğa açıq bəraət qazandırmaq”da və “düşmənçilik yaratmaq və insan şəxsiyyətinin alçaldılması”nda ittiham olunurlar. Əsasən ibadət məkanlarında aparılan əməliyyat nəticəsində 270 şəxs saxlanılıb, onların bir qismi miqrasiya qaydalarını pozduqlarına görə saxlanıb.

Peterburq və Leninqrad vilayəti üzrə Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsi qeyd edib ki, 7 nəfər Tacikistan və Azərbaycan vətəndaşı barəsində terror təşkilatla əlaqəli olduğu təsdiqlənib.

“Qeyd olunan şəxslər Rusiya Ali məhkəməsinin qərarı ilə terrorçu kimi tanınmış beynəlxalq təşkilatla əlaqəli olublar. Bu şəxslərin Rusiya ərazisində qalmaları arzuolunmaz hesab olunub və onlar artıq ölkə ərazisindən Tacikistana və Azərbaycana deportasiya olunub”, deyə Federal Təhlükəsizlik Xidmətinin nümayəndəsi qeyd edib. Onun sözlərinə görə, qeyd olunan ölkələrin əməliyyat xidmətləri deportasiya olunmuş şəxslərin Rusiya ərazisində fəaliyyətləri barədə məlumatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR