Bank Of Baku

Litva XİN rəhbərinin yaxın vaxtlarda Azərbaycana səfəri planlaşdırılır - YENİLƏNİB

Litva XİN rəhbərinin yaxın vaxtlarda Azərbaycana səfəri planlaşdırılır - YENİLƏNİB
# 06 noyabr 2026 17:04 (UTC +04:00)

Litva xarici işlər naziri Kestutis Budrisin yaxın vaxtlarda Azərbaycana səfəri nəzərdə tutulur.

APA xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Litvaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Kestutis Budrislə görüşü zamanı bildirilib.

Elçin Əmirbəyov Kestutis Budrisin səfərinin, o cümlədən Hökumətlərarası İqtisadi Komissiyanın çərçivəsində aparılacaq müzakirələrin ikitərəfli əməkdaşlığın praktiki məzmununun zənginləşdirilməsi baxımından əhəmiyyətini diqqətə çatdırıb. Bu kontekstdə siyasi dialoqda müşahidə olunan müsbət dinamikanın konkret iqtisadi layihələrə və qarşılıqlı faydalı nəticələrə çevrilməsinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, Elçin Əmirbəyov Litvaya səfəri çərçivəsində Kestutis Budrislə bərabər Prezidentin xarici siyasət məsələləri üzrə baş müşaviri Asta Skaysqirite, Baş nazirin beynəlxalq münasibətlər üzrə müşaviri Violeta Podaqelte, Hökumət kansleri Tomas Daukantas, habelə Litva Seyminin birinci vitse-spikeri Domas Qrişkeviçius və sabiq Baş nazir, hazırda Litva Parlamentində Azərbaycanla dostluq qrupunun sədr müavini olan Algirdas Butkeviçius ilə görüşlər keçirib.

Görüşlər zamanı Azərbaycan və Litva arasında ənənəvi dostluq münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, ölkələr arasında yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin vacibliyi vurğulanıb. Danışıqlar zamanı ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, işgüzar dairələr arasında təmasların intensivləşdirilməsi, energetika, yaşıl enerji, kənd təsərrüfatı və qida sənayesi, nəqliyyat və logistika, müdafiə və təhlükəsizlik, eləcə də informasiya texnologiyaları, təhsil və turizm sahələrində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Danışıqların əsas mövzularından birini Azərbaycan–Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivləri, xüsusilə Litvanın 2027-ci ilin birinci yarısında Avropa İttifaqı Şurasına sədrliyi dövründə əməkdaşlığın daha da irəlilədilməsi imkanları təşkil edib. Bu çərçivədə siyasi dialoqun gücləndirilməsi, enerji təhlükəsizliyi, strateji bağlantılar, Orta Dəhliz və Zəngəzur dəhlizi, təhlükəsizlik sahəsində əməkdaşlıq və insanlar arasında təmasların asanlaşdırılması məsələləri müzakirə edilib.

Elçin Əmirbəyov Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında, eləcə də Avropa ilə Mərkəzi Asiya arasında nəqliyyat və kommunikasiya əlaqələrinin inkişafında oynadığı strateji rolu diqqətə çatdırıb. Bu baxımdan TRIPP təşəbbüsünün həyata keçirilməsinin, o cümlədən Naxçıvan dəmir yolu infrastrukturunun bərpasının regional bağlantıların gücləndirilməsinə, iqtisadi əməkdaşlığın genişləndirilməsinə və davamlı sülhün möhkəmləndirilməsinə mühüm töhfə verəcəyi vurğulanıb.

Görüşlərdə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti, xüsusilə 8 avqust 2025-ci il tarixində Vaşinqtonda əldə olunmuş tarixi razılaşmalardan sonra müşahidə edilən müsbət dinamika barədə ətraflı məlumat verilib. İki ölkə arasında ticarət və tranzit əlaqələrinin qurulması, sərhədlərin delimitasiyası istiqamətində işlərin davam etdirilməsi və etimad quruculuğu tədbirləri sülh prosesində əldə edilmiş mühüm irəliləyişlər kimi qeyd olunub.

Eyni zamanda, Elçin Əmirbəyov sülh sazişinin yekun imzalanmasına və dayanıqlı sülhün bərqərar olmasına mane olan amillər, habelə Azərbaycan tərəfinin bununla bağlı gözləntiləri barədə qarşı tərəfə ətraflı məlumat verib.

Litva tərəfi Azərbaycan və Ermənistan arasında sülh prosesinə dəstəyini ifadə edərək Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin təmin olunmasında maraqlı olduğunu bildirib.

***

14:46

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Litvanın xarici işlər naziri Kestutis Budrislə görüşüb.

APA xəbər verir ki, Litva XİN rəhbəri görüşün nəticələri ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

O, danışıqların məhsuldar keçdiyini vurğulayaraq bildirib ki, Litva və Azərbaycan qarşılıqlı maraq doğuran sahələrdə, o cümlədən energetika, ticarət və xalqlararası əlaqələr, eləcə də Cənubi Qafqazda sülh və rifahın təmin olunması istiqamətində ardıcıl irəliləyiş əldə edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR