Təhsil Nazirliyi: Müəllimlərin fəaliyyəti monitorinqlər vasitəsilə araşdırılacaq

Təhsil Nazirliyi: Müəllimlərin fəaliyyəti monitorinqlər vasitəsilə araşdırılacaq
# 29 noyabr 2012 14:49 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Təhsil sistemində aparılan müşahidələr onu deməyə əsas verir ki, müəllimlərin çox hissəsi formativ qiymətləndirmənin icrasında çətinlik çəkirlər. Ümumiyyətlə, bu işi icra etməyə maraq göstərmirlər. Çünki onlar bu prosesin çox vaxt və zəhmət tələb etdiyini düşünürlər”. Bunu APA-ya açıqlamasında Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva deyib.

O bildirib ki, əslində formativ qiymətləndirmə üçün xüsusi vaxt və əziyyət lazım deyil. T.Hacıyevanın sözlərinə görə, “vaxtım yoxdur” deyən müəllim peşəsinə o qədər də bələd deyil: “Yeni təhsil sistemi vadar edir ki, müəllim müşahidə etməklə qiymətləndirmə işini aparsın. Bəzən müəllimlər elə başa düşür ki, formativ qiymətləndirmədə sinif bir gündə bütövlükdə qiymətləndirilməlidir. Lakin formativ qiymətləndirməni davamlı şəkildə aparmalı və şagirdlərin bacarıqları müəyyən standartlara uyğun gəldikcə onlar qiymətləndirilməlidir. Bu isə böyük vaxt və zaman tələb etmir”.

Nazirliyin şöbə müdiri qeyd edib ki, ölkə müəllimlərinin fəaliyyəti ilə bağlı müşahidələr gələcək aylarda da davam edəcək. Onun sözlərinə görə, dərs ilinin ikinci yarısında Təhsil Nazirliyi artıq problemlərin həllinə yönəlmiş işlərdən sonra yenidən monitorinq apararaq müəllimlərin işi necə tətbiq etmələrini müəyyənləşdirəcək: “Bu proses ilkin mərhələdə Bakıdan başlanıb. Gələcək aylarda bölgələrdə fəaliyyət göstərən müəllimlərin də fəaliyyəti monitorinqlər vasitəsilə araşdırılacaq. Ümidvaram ki, öz işinə məsuliyyətlə yanaşan, sənətini sevən müəllimlər bu monitorinqlərdən uğurla keçəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR