Eldəniz Quliyevin apellyasiya şikayəti təmin edilməyib

Eldəniz Quliyevin apellyasiya şikayəti təmin edilməyib
# 01 aprel 2015 13:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində Ziyalılar Birliyinin sədri, kinorejissor Eldəniz Quliyevin barəsində olan məhkəmə hökmündən verdiyi apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

Daxili işlər naziri Ramil Usubovun vəkili Əlirza Həbilovun APA-ya verdiyi məlumata görə, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi prosesdə Eldəniz Quliyev, onun müdafiəçisi Elçin Sadıqov iştirak edib. Elçin Sadıqov çıxış edərək apellyasiya şikayətini müdafiə etdiyini deyib. Daha sonra Əlirza Həbilov çıxış edərək şikayətin təmin olunmamasını xahiş edib. Bundan sonra məhkəmə müşavirəyə gedib. Müşavirədən sonra hakim qərarı elan edib. Qərara görə, şikayət təmin edilməyib. Nəsimi Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü il tarixli hökmü qüvvəsində saxlanılıb.

Qeyd edək ki, Eldəniz Quliyev bir müddət əvvəl mətbuatda və sosial şəbəkələrdə daxili işlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bundan sonra R. Usubov Nəsimi Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə Eldəniz Quliyevin 147.1 (təhqir) və 148-ci (böhtan) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması barədə R. Usubov tərəfindən verilən xüsusi ittiham qaydasında şikayəti icraata qəbul edilib. Nəsimi Rayon Məhkəməsinin hökmü ilə E. Quliyev 480 saat müddətində ictimai işlərə cəlb olunmalı və 1000 manat cərimələnməlidir. Onun haqqında başqa yerə getməmə haqda qərar hökm qanuni qüvvəyə minənə qədər qüvvədə saxlanılıb.

Hökmdən narazı qalan E. Quliyev isə apellyasiya şikayəti verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR