Bakı - APA. Bu gün Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Cenevrədəki Baş Qərargahında Proqram dəstəyi və idarəetmə şöbəsinin direktor müavini Henrik Nordentoft, Beynəlxalq himayə şöbəsi direktorunun müavini Preeta Lou, Avropa bürosunun baş məmuru Anatoliy Pujay, BMT QAK-ın Cənubi Qafqaz regionu üzrə nümayəndəliyinin rəhbəri Simone Volken və BMT QAK-ın ölkəmizdəki nümayəndəliyinin rəhbəri Daq Siqurdsonla görüşüb.
Dövlət Miqrasiya Xidmətinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Nəbiyev Ermənistanın Azərbaycana təcavüzü nəticəsində bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də icra edilmədiyini diqqətə çatdırıb, ikili standartların yaratdığı fəsadlar, Avropanın üzləşdiyi miqrant problemi barədə fikirlərini bölüşüb.
F. Nəbiyev Azərbaycanda daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin öz arzusu ilə yerli şəraitə uyğunlaşdırılması istiqamətində Dövlət Miqrasiya Xidmətinin aidiyyəti dövlət orqanları ilə birgə iş apardığını bildirib, Xidmətin müasir standartlara cavab verən qanunsuz miqrantların saxlanılması mərkəzlərinin fəaliyyət barədə danışıb. Vətəndaşsızlıq hallarının azaldılması ilə bağlı Azərbaycanın BMT-nin Qaçqınlar üzrə Ali komissarlığının “10 ilə vətəndaşsızlığa son” kampaniyasına qoşulduğunu nəzərə çatdıran F. Nəbiyev vətəndaşsızlıq hallarının qısa bir zamanda aradan qaldırılması üçün Xidmət tərəfindən ölkənin bütün regionları üzrə müvafiq işlər görüldüyünü açıqlayıb.
Azərbaycanda sığınacaq axtaran şəxslərə əlavə himayənin tətbiq edilməsi, “Şərqi Avropada və Cənubi Qafqazda sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsinin ikinci mərhələsi, eləcə də sığınacaq məsələləri sahəsində qanunvericilik bazasının inkişafı, habelə əlavə və dəyişikliklərin edilməsi istiqamətində əməkdaşlıq məsələlərinin də müzakirə olunduğu görüşdə F. Nəbiyev ölkəmizdə sığınacaq axtaran şəxslərin problemlərinə hər zaman operativ reaksiya verildiyini, BMT QAK-la bu istiqamətdə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
P. Lou isə təmsil etdikləri qurumun Cənubi Qafqaz regionunda fəaliyəti və gördüyü işlərlə yaxından tanışlıq məqsədilə gerçəkləşdirilən səfər zamanı BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının mandatına daxil olan məsələlər barədə məlumat əldə etmək üçün yüksək hökumət rəsmləri ilə keçirilən görüşlərin əhəmiyyətini qeyd edib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.