Baş Prokurorluq Azad Fikir Universitetinin ofisinin bağlanması barədə məlumatlara münasibət bildirib

Baş Prokurorluq Azad Fikir Universitetinin ofisinin bağlanması barədə məlumatlara münasibət bildirib
# 11 aprel 2013 14:16 (UTC +04:00)

Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-nın sorğusuna cavab olaraq bildirib ki, bəzi KİV-də Baş Prokurorluq tərəfindən AFU-nun fəaliyyətinin guya dayandırılması barədə yayılan informasiyalar həqiqəti əks etdirmir.

E.Sultanov onu da qeyd edib ki, “Nida” gənclər təşkilatının üzvləri barəsində Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq olunan cinayət işi üzrə həmin təşkilatın fəaliyyətində qanunsuzluqların aşkar edilməsi, eyni zamanda həmin qurumun və “Ol” təşkilatının təsisçilərinin eyni şəxslər olması aşkar edilib. İstintaqla həmçinin müəyyən edilib ki, “Ol” təşkilatı mövcud qanunvericiliyin tələblərinə zidd olaraq dövlət qeydiyyatından keçməyib, fəaliyyəti ilə əlaqədar müvafiq dövlət qurumlarına lazımi hesabatlar təqdim etməyib və fəaliyyət göstərdiyi müddət ərzində xarici ölkə təşkilatlarından qanunsuz vəsaitlər alıb. Həmin təşkilatın fəaliyyətinin qanuniliyi, xarici təşkilatlarından aldıqları külli miqdarda vəsaitlərin hansı məqsədlərə xərclənməsinin və digər xüsusatların araşdırılması üçün Baş Prokurorluğun əməkdaşları tərəfindən müvafiq məhkəmə qərarları əsasında qurumun yerləşdiyi Bakı şəhəri, S.Vurğun küçəsi 34 ünvanında sahəsi 227 kvadrat metr olan 6 saylı mənzildən təşkilatın fəaliyyətinə dair materiallar və iş üçün əhəmiyyət kəsb edən digər sənədlər götürülərək vergi qanunvericiliyinin tələblərinə riayət edilib-edilməməsinin və sair daxilolmaların təyinatının qanuniliyinin məhkəmənin qərarı əsasında Maliyyə Nazirliyi tərəfindən yoxlanılması təşkil edilib.


Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir, istintaqın nəticəsi barədə ictimaiyyətə əlavə informasiya veriləcək.

Qeyd edək ki, ötən gün mətbuatda yayılan məlumatlara görə, prokurorluq orqanlarının nümayəndələri AFU-nun ofisinə gələrək qapını möhürləyiblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR