Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzi açılıb

Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzi açılıb
# 18 mart 2015 08:18 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə Türkiyə Respublikası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) Bakı Proqram Koordinatorluğunun əməkdaşlığı çərçivəsində Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzi yaradılıb.


APA-nın məlumatına görə, bu gün Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzinin açılış mərasimi olub.


Tədbirdə Şura sədri Azay Quliyev, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvü, millət vəkili İsmayıl Günəş, QHT və media nümayəndələri iştirak ediblər. Açılış mərasimində çıxış edən Milli QHT Forumunun prezidenti Rauf Zeyni Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzinin yaradılmasına dəstək verən Şura və TİKA-ya təşəkkür edib.

A.Quliyev isə bildirib ki, Türkiyənin Azərbaycandan, Azərbaycanın Türkiyədən başqa dostu yoxdur: “Dünən TANAP layihəsinin açılışı oldu, bu, Azərbaycanın Avropaya inteqrasiyası istiqamətində atılmış addımdır. Bu gün Azərbaycan və Türkiyə dünya enerji xəttində aparıcı dövlətlərə çevriliblər. Dostluq və qardaşlıq sayəsində dövlətlərimiz dünya birliyində sözlərini deyirlər. Bu münasibətlər QHT sektorunda da davam etməlidir. Bu baxımdan bu Mərkəzin açılması çox mühüm hadisədir, TİKA-ya təşəkkür edirəm”.


İ.Günəş deyib ki, bu gün Çanaqqala zəfərinin 100-cü ildönümüdür: “Yüz il əvvəl babalarımız çox qüdrətli ordulara qarşı Vətən, torpaq sevgisi ilə döyüşərək qalib gəliblər. Bu gün buraya gəlməmişdən əvvəl Türk Şəhidliyini ziyarət etdim. Eyni zamanda 1990-cı ildə qətl edilmiş Azərbaycan şəhidlərini, Xocalı qətliamının qurbanlarını də rəhmətlə anırıq”.


Bölgədə həyata keçirilən enerji və nəqliyyat layihələrindən söz açan İ.Günəş Azərbaycan və Türkiyənin güclü dövlət olmasını arzu etdiklərini vurğulayıb. Bakı QHT-lərinin Resurs və Təlim Mərkəzinin açılmasını təqdir edən İ.Günəş tədbir iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR