“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər müzakirə olunub

“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər müzakirə olunub
# 19 aprel 2013 09:03 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin Regional məsələlər komitəsinin iclasında “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb. APA-nın xəbərinə görə, layihə barədə məlumat verən komitə sədri Arif Rəhimzadə bildirib ki, qanunvericiliyə təklif olunan dəyişikliyə əsasən prospekt, küçə, meydan və müvafiq ərazi vahidinin digər tərkib hissələrinə ad verilməsi, dəyişdirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanı üç gün ərzində məlumatlandırılmalıdır. Dəyişiklik bəzi küçə və meydanların adlandırılması zamanı məlumatsızlıqdan yaranan təkrarçılığı aradan qaldıracaq.

İclasda bir müddət əvvəl Ərçivan kəndinin qəsəbə statusu alması ilə bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş bələdiyyələrin siyahısında dəyişikliklər olunmasına da baxılıb. Müzakirələrdən sonra dəyişikliklər Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Aqrar siyasət komitənin iclasında da Torpaq Məcəlləsinə eyni tipli dəyişikliklər edilib. Komitə sədri Eldar İbrahimov deyib ki, dəyişikliyə əsasən çoxmənzilli binaların, fərdi yaşayış yerlərinin, qeyri yaşayış sahələrinin və onların tərkib hissələrinin girişlərinə ünvan verilir. Hər bir girişə nəqliyyat infrastrukturu obyektlərinin başlanğıcından sağdakılara cüt, soldakılara tək olmaqla ünvan nömrəsi verilir. Nəqliyyat infrastrukturu obyektlərinə çıxışı olan torpaq sahələrinə və onların üzərindəki qurğulara ünvan verilir. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR