Naftalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanıb - FOTO

Naftalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanıb - <span style="color: red;">FOTO
# 06 mart 2013 13:51 (UTC +04:00)

Bakı - APA-Economics. Azərbaycan hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində “Naftalan şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi”nin icrasına başlanıb.

“Azərsu” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, bu gün Naftalan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə işlərin təməlqoyma mərasimi keçirilib.

Tədbirdə çıxış edən “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində bölgələrdə su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulduğunu bildirib. Dövlət başçısının bütün yaşayış məntəqələrinə 24 saat fasiləsiz su verilməsi barədə tapşırığını xatırladan ASC sədri artıq 23 şəhər mərkəzi və 277 kənddə su təchizatı və kanalizasiya layihələrinin icra edildiyini bildirib: “Bu gün 24-cü şəhərdə - Naftalanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin icrasına başlanır. Bununla da Naftalan şəhərində, Qasımbəyli və Daşaltı Qaraqoyunlu kəndlərində 14 minə qədər sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini əsaslı şəkildə yaxşılaşdırılacaq».

Yaponiyanın Azərbaycandakı səfirliyinin iqtisadi əməkdaşlıq şöbəsinin müdiri Takao İmanişi ölkəsinin Azərbaycan hökuməti ilə əməkdaşlığını yüksək qiymətləndirərək “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində digər şəhərlərdə görülən işlərin gedişindən razı qaldığını ifadə edib.

“Naftalan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Naftalan şəhərində 9800, Qasımbəyli və Daşaltı Qaraqoyunlu kəndlərində isə 4200 nəfər olmaqla 14 min sakinin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb. Layihəyə uyğun olaraq Naftalan şəhərinə və ətraf kəndlərə içməli su Ballıqaya-Goranboy magistral su kəmərindən veriləcək. Bu mənbədən Naftalan şəhərinə 315 mm diametrli borularla 5,9 km uzunluğunda magistral su xətti çəkiləcək. Hər birinin tutumu 3000 kubmetr olan 2 su anbarı inşa olunacaq, xlorator qurğusu və inzibati bina tikiləcək. Şəhərdə toplanan çirkab suların axıdılması məqsədi ilə 200-800 mm polietilen borularla 31 km uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq və kollektor inşa ediləcək. Tullantı sularının emal edilməsi məqsədi ilə gələcəkdə çirkab su təmizləyici qurğu tikiləcək. Naftalan şəhərində inşaat işlərini beynəlxalq tenderdə qalib gəlmiş “Çukurova İnşaat Sanayi ve Ticaret A.Ş.” və “Su İstilik Quraşdırma” Türkiyə-Azərbaycan birgə müəssisəsi həyata keçirəcək. Layihə üzrə işlərin 2015-ci ilin əvvəlində başa çatdırılması nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” 7 şəhər və rayon mərkəzində (Qusar, Xaçmaz, Xızı, Qobustan, Naftalan Yevlax və Bərdə) su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur. Qusar, Xaçmaz, Xızı şəhərlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması işləri davam etdirilir. Bir neçə aydan sonra isə Qobustan şəhərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə start veriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR