Salyan, Cəlilabad və Yevlaxda baş verən yol qəzalarında 12 nəfər ölüb

Salyan, Cəlilabad və Yevlaxda baş verən yol qəzalarında 12 nəfər ölüb
# 25 mart 2015 08:33 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Baş Dövlət Yol Polisi İdarəsi bayramın ilk günləri ölkə ərazisində çoxsaylı insan itkisi ilə nəticələnən yol qəzaları haqda məlumat yayıb.

İdarədən APA-ya verilən məlumata görə, fevralın 22-də Ələt-Astara yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən 83-cü kilometrliyində Lənkəran rayon sakini, 1958-ci il təvəllüdlü Əliyev Zahid Məmmədağa oğlunun idarə etdiyi “VAZ-2106” markalı, 10-OR-908 dövlət qeydiyyat nişanlı minik avtomobili Astara rayon sakini, 1979-cu il təvəllüdlü Mirzəyev Elnur Ənvər oğlunun idarə etdiyi “MAZ-54322” markalı, 07-BC-315 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində “VAZ-2106” markalı avtomobilin sürücüsü və avtomobildə olan sərnişinlər - Lənkəran rayonu Xolmilli kənd sakinləri, 1958-ci il təvəllüdlü Əliyev Talıb Əli oğlu, Əzimov Natiq Hidayət oğlu, Yaqubov Heydər Əhməd oğlu və 1997-ci il təvəllüdlü Abbaszadə Səidə Mübariz qızı hadisə yerində ölüblər.

Bundan başqa, fevralın 23-də saat 11:30 radələrində Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən 304-cü kilometrliyində 1953-cü il təvəllüdlü Bərdə rayon sakini Qədirov Vilayət Hidayət oğlunun idarə etdiyi “RAV-4” markalı, 10-MD-044 dövlət qeydiyyat nişanlı minik avtomobili 1956-cı il təvəllüdlü Şəki rayon sakini Səmədov Nüsrət Əyyub oğlunun idarə etdiyi “Ford Cargo” markalı, 90-JG-329 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və avtomobildə olan sərnişinlər - Bərdə rayon sakini, 1958-ci il təvəllüdlü Qədirova Sevil Məhəmməd qızı və Bakı səhər sakinləri, 1963-cü il təvəllüdlü Rəşidova Zahirə Hidayət qızı, 1976-cı il təvəllüdlü Ağayev Şahin Ağa oğlu aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Digər yol-nəqliyyat hadisəsi isə elə həmin gün saat 23:00 radələrində Ələt-Astara-İran avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 122-ci kilometrliyində baş verib. Masallı rayon sakini, 1977-ci il təvəllüdlü Əkbərov Elmar Adil oğlunun idarə etdiyi “Forland” markalı, 90-KB-471 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə 1984-cü il təvəllüdlü Masallı rayon sakini Nurəliyev Zamin Elşad oğlunun idarə etdiyi “Mercedes Benz” markalı, 10-RB-204 dövlət qeydiyyat nişanlı minik avtomobili toqquşub. Qəza nəticəsində minik avtomobilində olan sərnişinlər – Masallı rayon sakinləri, 1995-ci il təvəllüdlü İsmayılzadə Aslan Azər oğlu, 1987-ci il təvəllüdlü Abdullayev Zamin Abdulla oğlu və 1986-cı il təvəllüdlü Məhərrəmov Cəlal Alim oğlu hadisə yerində ölüblər, avtomobildə olan digər sərnişin, 1990-cı il təvəllüdlü Şükürov Kamran Rizvan oğlu və hər iki avtomobilin sürücüsü xəsarət alaraq Biləsuvar və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Hər üç faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR