Türkiyənin keçmiş xarici işlər naziri: “Türkiyə Orta Şərq siyasətinə yenidən baxaraq ənənəvi siyasət tərzinə dönməlidir” - MÜSAHİBƏ

Türkiyənin keçmiş xarici işlər naziri: “Türkiyə Orta Şərq siyasətinə yenidən baxaraq ənənəvi siyasət tərzinə dönməlidir” - <span style="color: red;">MÜSAHİBƏ
# 22 iyul 2015 07:27 (UTC +04:00)

İstanbul. Mayis Əlizadə - APA. Türkiyənin keçmiş xarici işlər naziri Yaşar Yakışın APA-ya müsahibəsi

- Nüvə enerjisiylə bağlı İranla BMT Təhlükəsizlik Şurasının üzvləri + Almaniya arasında əldə edilmiş razılaşmanı necə dəyərləndirirsiniz?

- Uzun müddətdən bəri davam edən anlaşılmazlığın sona çatması hamı üçün sevindiricidir. Çünki başqa ölkələr atom enerjisinə sahib olduğu halda, İranın bu haqqının qabağına sədd çəkilməsi doğru deyildi. İndi İranın uran zənginləşdirmə prosesi Qərbin nəzarəti altında olacaq. Beynəlxalq Atom Enerjisi Agentliyinin mütəxəssisləri 6 ay, 1 il əvvəldən prosesi təftiş edə biləcəklər. Vyanada əldə edilmiş razılaşma İranın bölgədəki gücünü artıraraq onu önəmli bir aktyor halına gətirib. 2500 illik dövlət ənənəsi, güclü diplomatiyası olan İran uzun müddət davam edən sanksiyalardan sonra vəziyyəti öz lehinə çevirə bildi. Orta Şərqdə bundan sonrakı balans axtarışlarında İranın ayrı yeri olacaq.

- İranın bölgədə güclənəcəyini dediniz. Bəs Türkiyənin bölgədəki durumu necə olacaq? Yaranmış vəziyyət İran-Türkiyə münasibətlərinin gələcəyinə necə təsir göstərəcək?

- İranla Türkiyə arasında 1514-cü ildə ortaya çıxmış etimadsızlıq bütün dönəmlərdə bu və ya digər şəkildə özünü göstərib. Diplomatiya sahəsində də İran və Türkiyə masanın altında bir-birlərini təpikləsələr də, nəticədə həmişə iki tərəfin də mənafeyinə olan razılaşmalar əldə edilib. 1639-cu ildə imzalanmış Qəsri-Şirin sazişindən sonra ölkələrimiz arasındakı sərhəd dəyişməyib; bu da dünyadakı nadir hallardan biridir. İranın bölgədəki yüksəlişi Türkiyənin bölgədəki etibarının azaldığı dönəmə rastladı. Ancaq buna baxmayaraq, mən Türkiyə ilə İranın keçmişdə olduğu kimi, bundan sonra da bölgədə yeni əməkdaşlıq perspektivləri yaradacaqlarına inanıram. Bunun üçün, ilk növbədə Türkiyənin Orta Şərqdəki siyasətini gözdən keçirməsi və ənənəvi siyasət tərzinə dönməsi lazımdır. İnanıram ki, yaxın vaxtlarda bu da baş verəcək və İranın bölgədəki nüfuzunun yüksəldiyi bir vaxtda Türkiyə də bölgədə nüfuz itirən yox, nüfuz qazanan ölkə olacaq.

- İranın Azərbaycanla münasibətlərinin gələcəyini necə dəyərləndirirsiniz? Buraya İranda yaşayan Azərbaycan türklərinin məsələsini qatmağınızı da xahiş edirəm.

- İranın Azərbaycan Cümhuriyyəti ilə balanslı münasibətlərinin olması sevindiricidir. Azərbaycan Cümhuriyyətinin əhalisindən təxminən 3 dəfə çox azərbaycanlının İranda yaşadığı məlumdur. Bu, İranla Azərbaycan arasında dostluq körpüsü yaratmağa xidmət etməsi baxımından faydalı olsa da, gərginliklər yaranmasına da səbəb ola bilir. Əgər indi İran Orta Şərqin yüksələn ulduzu oldusa, Azərbaycan da öz bölgəsinin yüksələn ulduzudur. Bu mənada, sonsuz enerji sərvətləri ilə Azərbaycanı Qafqaz bölgəsinin Küveyti kimi görmək olar. Amma istər İran, istərsə də ərəb ölkələri ilə müqayisədə Azərbaycanın böyük üstünlüyü var: mədəniyyət. Azərbaycan öz inkişafını zəngin mədəniyyət xəzinəsinin üzərində qurduğuna görə, bu durum istər-istəməz İrandakı təxminən 25 milyonluq Azərbaycan mənşəli əhaliyə də təsir göstərərək cazibə qüvvəsi yaradır. Digər tərəfdən, İran Azərbaycanının bundan sonrakı durumu Türkiyə üçün də önəmlidir. Mən İran Azərbaycanının Türkiyə ilə Azərbaycan Cümhuriyyəti arasında körpü rolu oynamasını istəyirəm. Bundan sonrakı mərhələdə Türkiyə-İran-Azərbaycan arasındakı münasibətlərin daha da dərinləşəcəyinə inanıram.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR