«Azerfon»un təşəbbüsü ilə Azərbaycanda eşitmə qabiliyyəti məhdud olan insanların işsizlik problemi ilə bağlı müzakirələr keçirilir

«Azerfon»un təşəbbüsü ilə Azərbaycanda eşitmə qabiliyyəti məhdud olan insanların işsizlik problemi ilə bağlı müzakirələr keçirilir
# 12 mart 2013 14:48 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) «Eşitməmək – düşünməmək deyil» layihəsi çərçivəsində 10-dan artıq şirkətin insan resursları departamentinin direktorları ilə görüş təşkil edib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, görüş zamanı iştirakçılara eşitmə qabiliyyəti məhdud olan insanların işsizlik probleminin həll olunmasına yönələn, «Eşitməmək – düşünməmək deyil» layihəsi haqqında ətraflı məlumat verilib, eşitmə qabiliyyəti məhdud olan insanların işə düzəlmə məsələsi ətrafında geniş müzakirə aparılıb.

Tədbirdə çıxış edən «Azerfon» şirkəti insan resursları şöbəsinin direktoru Mətanət Babayeva şirkətin bu sahədə təcrübəsindən danışıb, «Azerfon»da işləyən 12 nəfər eşitmə qabiliyyəti məhdud insanın uğurlu iş təcrübəsindən söz açıb.

«Nar Mobile»ın Korporativ Sosial Məsuliyyət strategiyasından söz açan şirkətin İctimaiyyətlə Əlaqələr və Korporativ Ünsiyyət üzrə rəhbəri Nigar Arpadarai «Eşitməmək – düşünməmək deyil» layihəsinin məqsədlərini iştirakçıların diqqətinə çatdırıb. Belə ki, layihənin əsas məqsədi kimi eşitmə qabiliyyəti zəif olan insanlara dəstək olmaq, onların işsizlik probleminin həllində yardımçı olmaq və bu işlərə digər şirkətləri cəlb etmək olduğu bildirilib.

Görüşdə iştirak edən insan resursları departamentlərinin rəhbərləri «Nar Mobile»ın təşəbbüsü ilə həyata keçirilən layihəyə qoşulacaqlarını bildirib. Sonda eşitmə qabiliyyəti zəif olan insanların CV-ləri insan resursları departamentlərinin rəhbərlərinə təqdim olunub.

Qeyd edək ki, «Nar Mobile» nümayəndələri bundan öncə adı çəkilən layihə çərçivəsində Azərbaycan Karlar Assosiasiyasında eşitmə qabiliyyəti məhdud olan gənclər üçün CV yazılması və iş axtarılması yolları mövzusunda treninqlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR