Polis Akademiyasında Konstitusiyanın qəbulunun ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib

Polis Akademiyasında Konstitusiyanın qəbulunun ildönümünə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçirilib
# 07 noyabr 2014 16:44 (UTC +04:00)

Bakı – APA. Bu gün Daxili İşlər Nazirliyinin Polis Akademiyasında Ombudsman Aparatı, Konstitusiya Məhkəməsi, Hüquqşünaslar Konfederasiyası, Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları və Fəlsəfə, Hüquq institutları və Polis Akademiyasının təşkilatçılığı ilə müstəqil Azərbaycan Konstitusiyasının qəbul olunmasının 19-cu ildönümünə həsr edilmiş “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının konstitusiya təminatının aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Polis Akademiyasının rəisi, polis general-mayoru Nazim Əliyev çıxışı zamanı qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra demokratik inkişaf istiqamətində müəyyən addımlar atılsa da, xalqın milli-mənəvi dəyərlər sistemindən qaynaqlanan bu ali dəyərlər yalnız Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə həqiqi mahiyyət kəsb etməyə başlayıb.

N.Əliyev demokratik dövlət quruculuğu sahəsində xalqımızın əldə etdiyi ən mühüm nailiyyətlərdən biri kimi 1995-ci il 12 noyabrda müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsini göstərib. O, əsas Qanun səviyyəsində təsbit edilən insan və vətəndaş hüquq və azadlıqlarının təmini sahəsində polisin vəzifələrini, bu sahədə beynəlxalq aktların mükəmməl öyrənilməsi məqsədilə Polis Akademiyasında “Konstitusiya hüququ” və “DİO-nın fəaliyyətində insan hüquqlarının təminatı” adlı fənlərin tədris olunduğunu diqqətə çatdırıb.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev isə bildirib ki, Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilən Konstitusiya ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyətinin yaradılmasına və formalaşmasına geniş imkanlar açıb. Bu sənədin ən böyük bölməsinin insan hüquq və azadlıqlarına həsr olunduğunu deyən F. Abdullayev qeyd edib ki, insan hüquq və azadlıqları dövlətin ali məqsədi, onların həyata keçirilməsinin təmin edilməsi isə dövlətin əsas vəzifəsi kimi müəyyən edilib.

Tədbirdə həmçinin AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova və BMT-nin Azərbaycan nümayəndəliyinin rezident əlaqələndiricisi Antonius Bruk çıxış ediblər.

Tədbirdə Polis Akademiyasının “Dövlət və hüquq nəzəriyyəsi” kafedrasının rəisi, polis polkovniki, əməkdar müəllim Ceyhun Süleymanovun “Konstitusiya hüququ” adlı dərs vəsaitinin təqdimatı da olub. Sonda Akademiyanın müdavimləri arasında keçirilən intellektual yarışın qalibləri mükafatlandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR