Belçikanın Gent Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib

Belçikanın Gent Universitetində Xocalı soyqırımı ilə bağlı konfrans keçirilib
# 03 mart 2015 11:33 (UTC +04:00)

Bakı - APA. Belçikanın aparıcı ali məktəblərindən biri olan Gent Universitetində EMİSCO, Flux Tələbə Dərnəyi, ThinkOut, İslam Konfransı Gənclər Forumu və “Xocalıya ədalət” kampaniyasının birgə təşkilatçılığı ilə konfrans keçirilib.

APA-nın “Anadolu” agentliyinə istinadən xəbərinə görə, bu il kampaniya tərəfindən irəli sürülən “Yalanla mübarizə üçün alov yandır” (Light a Fire to Fight the Liar)" devizi altında keçirilən konfransdan öncə Universitetin həyətində toplanan 100-ə yaxın konfrans iştirakçıları şamlar yandıraraq Xocalı faciəsini anıblar.

Sonra "Sənədləşdirilmiş Soyqırımın Anatomiyası" mövzusunda konfrans işə başlayıb. Tədbirdə çıxış edən Sosial Birlik uğrunda Avropa Müsəlmanları Təşəbbüsünün (EMİSCO) baş katibi Başi Qureyşi Xocalıda baş verənləri pisləyərək, bunun təkcə azərbaycanlılara qarşı deyil, həm də müsəlmanlara qarşı törədilmiş cinayət kimi qiymətləndirib. Daha sonra kampaniyanın Belçika üzrə koordinatoru Eda Öztürk çıxış edərək “Xocalıya ədalət” kampaniyasının təqdimatını edib və soyqırımla bağlı detallı bilgilər verib.

Avropa Parlamentinin keçmiş üzvü Özan Ceyhun, Gent Universitetinin professoru, tarixçi Jan Dümolin, ThinkOut təşkilatının İdarə Heyətinin üzvü Mehmet Kösə də çıxış edərək, Xocalı faciəsinə dünya ictimaiyyəti tərəfindən lazımi hüquqi qiymətin verilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, “Xocalıya Ədalət” beynəlxalq məlumatlandırma kampaniyası 2009-cu ildə Heydər Əliyev Fondunun vitse-prezidenti, İKGF-nin Mədəniyyətlərarası Dialoq üzrə baş koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə başlayıb və hazırda 50-dən artıq ölkədə həyata keçirilməkdədir. Kampaniya nəticəsində dünyanın bir sıra parlamentləri, həmçinin İƏT Xarici İşlər Nazirləri Şurası və İƏT Parlament İttifaqı tərəfindən Xocalı qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınıb.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR