Nazirlik bu il 500 nəfərdən çox əlili peşə reabilitasiyasına cəlb edib

Nazirlik bu il 500 nəfərdən çox əlili peşə reabilitasiyasına cəlb edib
# 17 noyabr 2015 13:17 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev – APA-Economics. Cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən əlilliyi olan şəxslərin əmək bazarına çıxış imkanlarının artırılması üçün onların peşə reabilitasiyası istiqamətində görülən işlər davam etdirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə nazirlik 508 nəfər əlilliyi olan şəxsi əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edib.

Əlilliyi olan şəxslərin 330 nəfəri nazirliyin 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində peşə hazırlığına qəbul edilib. Sağlamlıq imkanları məhdud gənclər burada dərzi, toxucu, xalçaçı, kompüter istifadəçisi, kompüter dizayneri, bərbər və s. peşələr üzrə təlim kursu keçməklə yanaşı, təlim müddətində dövlət hesabına yataqxana, yemək, tibbi-fizioterapevtik xidmət və s. ilə də təmin olunublar.

Digər 178 nəfər əlilliyi olan şəxs isə nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin təşkil etdiyi peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb ediliblər. Peşə kurslarını bitirən əlilliyi olan şəxslərin münasib iş yerləri ilə təmin olunması istiqamətində də müvafiq işlər aparılıb.

Ümumilikdə bu ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 3 500 nəfərə yaxın vətəndaş peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR