Bu il SKMF xətti ilə sahibkarlara 145 mln. manatdan çox güzəştli kredit verilib

Bu il SKMF xətti ilə sahibkarlara 145 mln. manatdan çox güzəştli kredit verilib
# 23 sentyabr 2015 12:09 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xəzər rayonunun Türkan qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, işgüzar forumda 70-ə yaxın sahibkar iştirak edib.

SKMF-nin icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu il ərzində respublika üzrə 4 100-dən çox sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 145,4 mln. manat güzəştli kredit verilib: “Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 9 000-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1119 investisiya layihəsinin maliyyələşdirilməsinə 264,2 mln. manat güzəştli kredit verilmiş, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan çörək zavodları, istixana kompleksləri, quşçuluq təsərrüfatları, ət emalı, metal konstruksiya istehsalı və digər sənaye müəssisələrinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib”.

İşgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 18 sahibkarlıq subyektinə 7,4 mln. manat güzəştli kredit verilib. Verilmiş kreditlər çörək istehsalı, heyvandarlıq, quşçuluq, istixana kompleksinin yaradılması və s. sahələrə yönəldiləcək.

Qeyd edək ki, son illər ərzində Bakı qəsəbələrində tərəvəz məhsulları, dekorativ bitkilər, tərəvəz ştilləri istehsal edən 24 müasir istixana kompleksinin yaradılmasına 61,4 mln. manat dövlətin güzəştli kreditləri verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR