Milli Məclisdə İnsan Hüquqları Gününə həsr edilmiş dinləmələr keçirilib

Milli Məclisdə İnsan Hüquqları Gününə həsr edilmiş dinləmələr keçirilib
# 16 iyun 2016 10:44 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Milli Məclisin İnsan hüquqları komitəsi 18 İyun - Azərbaycan Respublikasında İnsan Hüquqları Günü ilə əlaqədar parlamentdə dinləmələr təşkil edilib.

APA-nın məlumatına görə, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova deyib ki, Milli Məclis çox gözəl ənənə formalaşdırıb, aktual məsələlərlə bağlı dinləmələr keçirir və bu tədbirlər ictimaiyyətlə məsləhətləşmə xarakteri daşıyır.

B. Muradova bildirib ki, 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıtması ilə ölkədə müstəqil dövlət quruculuğu başlayıb: “Sabah isə Azərbaycanda İnsan Hüquqları Günüdür. Azərbaycanın qazandığı uğurlar Heydər Əliyevin fəaliyyəti nəticəsində mümkün olub. Heydər Əliyev həmişə insan hüquqlarını təmin etməyi dövlətin əsas vəzifəsi kimi səciyyələndirib. Ölkəmizdə insan hüquqlarının əsas təminatçısı Azərbaycan dövlətidir. Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə Konstitusiya qəbul edilib. Bütün qanunvericilik aktlarımız insan hüquqları əsas götürülməklə qəbul olunub”.

B. Muradovanın sözlərinə görə, Heydər Əliyev kursunun layiqli davamçısı olan prezident İlham Əliyev 2007-ci ildə 18 iyunu Azərbaycanda İnsan Hüquqları Günü elan edib. O, ötən dövrdə ombudsman institutunun Elmira Süleymanovanın rəhbərliyi ilə uğurla fəaliyyət göstərdiyini nəzərə çatdırıb: “Azərbaycan insan hüquqları sahəsində demokratik dövlətlərin uzun müddətdə əldə etdiyi nəticələri qısa müddətdə əldə edib. Azərbaycanda bütün sahələrdə insan hüquqlarının müdafiəçisi kimi tanınmış vətəndaş cəmiyyəti üzvləri var”.

Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov “İnsan hüquq və azadlıqlarının təmin olunması Azərbaycan dövlətinin ali məqsədidir” mövzusunda çıxış edib.

Milli Məclis Aparatının Dövlət Quruculuğu üzrə qanunvericilik şöbəsinin müdiri, Avropa Şurası Venesiya Komissiyasının üzvü Lətif Hüseynov Milli Məclis Aparatında qanunlarla bağlı insan hüquqları ekspertizasının həyata keçirildiyini nəzərə çatdırıb: “Venesiya Komissiyası insan hüquqları baxımından bir sıra qanunlarla bağlı rəylərini təqdim edib və yalnız bundan sonra həmin qanunlar parlamentə təqdim olunub. İnsan hüquqları dedikdə mülki, siyasi hüquqları başa düşülür. Bütün hüquqlar bərabər səviyyədədir. Əgər insan hüquqlarından danışırıqsa, iqtisadi və sosial hüquqlarla bağlı ölkəmizdə qəbul edilən qanunları ön plana çəkməliyik. Milli Məclisdə bu sahələrdə geniş həcmli qanunlar qəbul edilib. Sosial dövlət termini Konstitusiyamızda işlənmirdi, ancaq sosial yönüm dövlət siyasətinin tərkib hissəsi idi. Sonradan Konstitusiyaya dəyişiklik edərkən sosial yönümlü iqtisadi siyasət məsələsi daxil edildi. Biz siyasi reallığı Konstitusiyaya gətirdik”.

İnsan hüquqları üzrə müvəkkil (ombudsman) Elmira Süleymanova qeyd edib ki, insan hüquqları sahəsində bütün ölkələr üçün örnək olan Azərbaycan bir çox təşəbbüslər irəli sürüb və bu təşəbbüslər dəyərləndirilir: “Ombudsman təsisatı məhkəmədən kənar ilk insan hüquqlarının müdafiəsi qurumu olub. Biz penitensiar müəssisələrə də nəzarət həyata keçiririk. Azərbaycanda heç bir ayrı-seçkiliyə yol verilmir. Azərbaycanda ombudsmana hər bir kəs müraciət edə bilər. Heç də bütün ölkələrdə hər bir şəxs ombudsmana müraciət edə bilmir. İctimai dinləmələr ombudsman institutunun ölkəyə gətirdiyi bir yenilikdir. Biz ilk günlərdən rayonlarda ictimai dinləmələr keçirməyə başlamışıq. Bu ictimai dinləmələr vasitəsilə əsl ictimai iştirakçılığı həyata keçiririk. Digər tərəfdən, Azərbaycan yeganə dövlətlərdən biridir ki, qısa dövrdə 61 əfv fərmanı imzalanıb, 11 amnistiya aktı tətbiq olunub. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə qəbul edilən son amnistiya aktı 11 min insana tətbiq olunacaq. Təkcə dünən 350 insan azadlığa çıxdı”.

E. Süleymanova bu il Azərbaycanda “Multikulturalizm ili”nin elan olunmasının təsadüfi olmadığını vurğulayıb.

Ali Məhkəmənin üzvü Vəfaddin İbayev “Azərbaycan məhkəmələrində insan hüquqlarının müdafiəsi”, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov “Azərbaycanda insan hüquqları vətəndaş cəmiyyətinin baxışları kontekstində” mövzusunda çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR