Ötən ay Azərbaycanda Böyük Qafqazdakı sürüşmə sahələrində aktivləşmə qeydə alınıb

Ötən ay Azərbaycanda Böyük Qafqazdakı sürüşmə sahələrində aktivləşmə qeydə alınıb
# 02 oktyabr 2015 08:50 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. “Sentyabr ayında İsmayıllı rayonu Xankəndi və Şamaxı rayonu Muğanlı sürüşmə sahələrində, Muğanlı-İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliklərində, Quba-Xınalıq yolunun 37-46-cı, Quba-Qonaqkənd yolunun 37-40-cı, Bakı-Ağsu yolunun 132-156 və Bakı-Şamaxı yolunun 106-111-ci kilometrliklərindəki sürüşmə sahələrinin dinamikasında aktivləşmə müşahidə olunub, mövcud çatlarda genişlənmə qeydə alınıb”.

Bunu APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev deyib. O bildirib ki, nəticədə yol boyu bir neçə yerdə uçqun-töküntü hadisəsi baş verib.

Baş geoloqun sözlərinə görə, ötən ay Zığ sürüşmə sahəsində qəzalı vəziyyətə düşmüş fərdi yaşayış evlərinin divarlarında və 43 saylı binanın fasadında quraşdırılmış mayaklarda 6-20 millimetr enində çatlar əmələ gəlib: “Ayrı-ayrı lokal sahələrdə fəallaşma müşahidə olunub. Qaraçuxur sürüşmə sahəsində yerləşən qəbiristanlığın istinad divarının bəzi yerlərində çökmə prosesi baş verib. Quraşdırılmış mayaklarda 15-40 millimetr enində çatlar əmələ gəlib”.

Ə. Piriyev əlavə edib ki, Bakı şəhəri Səbail rayonu ərazisində - Bayıl və Badamdar sürüşmə sahələrində, Xətai rayonu ərazisində - Əhmədli 1, Əhmədli 2 sürüşmə sahələrində, Suraxanı rayonu Günəşli, Nərimanov dairəsindəki sürüşmə sahələrində aktivlik qeydə alınmayıb.

Baş geoloq onu da qeyd edib ki, sentyabrda Lənkəran, Lerik və Masallı rayonlarındakı sürüşmə sahələrində aktivlik baş verməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR