QHT-lərə Dövlət Dəstəyi Şurasında Gürcüstan Demokratik Təşəbbüslər və Əhali və İnkişaf Birliyinin nümayəndələri ilə görüş keçirilib

QHT-lərə Dövlət Dəstəyi Şurasında Gürcüstan Demokratik Təşəbbüslər və Əhali və İnkişaf Birliyinin  nümayəndələri ilə görüş keçirilib
# 07 iyul 2014 16:47 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Gürcüstan Demokratik Təşəbbüslər və Əhali və İnkişaf Birliyinin nümayəndələri Nodar Xerxulidze və Arçil Maçavariani ilə görüş keçirilib. Bu barədə APA-ya Şuranın mətbuat xidmətindən məlumat verilib.

Görüşdə Şuranın dəstəyi ilə həyata keçirdikləri layihə haqqında məlumat verən QHT nümayəndələri əsas məqsədin Azərbaycan, Gürcüstan və Moldovanın işğal altında olan torpaqlarına edilən qanunsuz səfərlərin qarşısının alınması üçün müvafiq təklif və mexanizmlərin hazırlanması olduğunu bildiriblər. QHT nümayəndələri olan tədqiqatçıların səfərində məqsəd Azərbaycanın işğal edilmiş ərazilərinə edilmiş qanunsuz səfərlər haqqında statistik məlumatlar toplamaq və Azərbaycan hökumətinin bu istiqamətdə həyata keçirdiyi fəaliyyətlə tanış olmaqdır. Hazırlanacaq tədqiqat işi dünya ictimaiyyətinin diqqətini işğal altında olan torpaqlara edilən qanunsuz səfərlərin beynəlxalq hüquq normalarının kobud pozulması halı olmasına yönəldəcək.

Layihə çərçivəsində sentyabrın 25-də Tbilisidə Dağlıq Qarabağ, Dnestiryanı, Cənubi Osetiya və Abxaziyaya qanunsuz səfərlərin edilməsinə həsr olunan 2 günlük konfrans keçiriləcək. Toplantıda diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, müxtəlif ekspertlər, Azərbaycan, Gürcüstan, Moldovanın dövlət orqanlarının eləcə də KİV təmsilçilərinin iştirakı nəzərdə tutulur. Konfransın sonunda işğal olunmuş torpaqlara edilən qanunsuz səfərlərin pislənməsi ilə bağlı bəyanat və yekun hesabat qəbul olunacaq.

Şura sədri Azay Quliyev təşkilatın hazırlayacağı hesabatda Dağlıq Qarabağ münaqişəsinə dair obyektiv və dolğun məlumatların əksini tapmasının vacibliyini diqqətə çatdırıb. A. Quliyev hesabatın dünya ictimaiyyətinin Azərbaycanın haqlı mövqeyini aydın başa düşülməsinə yardımçı olmasını və Dağlıq Qarabağ və digər işğal altında olan torpaqlara qanunsuz səfər etmək niyyətində olanları fikirlərindən daşındıracağını gözlədiklərini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR