Tiflisdə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin nəqliyyat nazirlərinin görüşü keçirilib

Tiflisdə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin nəqliyyat nazirlərinin görüşü keçirilib
# 13 fevral 2013 10:00 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA-Economics. Bu gün Tiflisdə “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin nəqliyyat nazirlərinin görüşü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri Gürcüstan sabit inkişaf və iqtisadiyyat nazirinin müavini İrakli Matkava açaraq, bugünkü görüşü vacib bir tədbir adlandırıb.

Sonra tədbirdə Avropa Komissiyasının vitse-prezidenti, nəqliyyat məsələləri üzrə avrokomissar Siym Kallas, Gürcüstanın sabit inkişaf və iqtisadiyyat naziri Georgi Kvirikaşvili, Avropa Birliyinin (AB) genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle, Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və digər ölkələrin nəqliyyat nazirləri çıxış ediblər. Tədbir jurnalistlər üçün qapalı keçirilib.

AB-nin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle çıxışında nəqliyyat nazirlərinin “Şərq Tərəfdaşlığı” çərçivəsində ilk dəfə toplandıqlarını qeyd edib: “Çox vacibdir ki, yaradılan əlaqələrdən səmərəli və effektli istifadə edək, sektorlarla əlaqələri inkişaf etdirək. AB-nin əsas məqsədi nəqliyyatı strateji istiqamətdə inkişaf etdirməkdir”.

Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Azərbaycanda son illər həyata keçirilən infrastruktur layihələr barədə ətraflı məlumat verib: “Azərbaycanın prioritet məsələlərindən biri nəqliyyatın birləşdirilməsi və infrastrukturun dəyişdirilməsidir. Biz buna böyük əhəmiyyət veririk. Bizim ölkə “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində AB ilə prioritet və gələcək istiqamətləri müəyyənləşdirir. AB ilə assosiativ sazişin imzalanması nəqliyyatın inkişafında mühüm yer tutacaq. Fikrimcə, regional layihələrin həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi AB ilə əlaqələrin mühüm hissəsidir”.

Z.Məmmədov Azərbaycan hökumətinin gələcək planları barədə də danışıb: “Bakı-Gürcüstan sərhədinə qədər dəmiryolunun yeniləşdirilməsi üçün yeni vaqonlar alınacaq. Bakı-Tiflis-Qars dəmiryolunun və beynəlxalq əhəmiyyətli Gürcüstan, Rusiya, İran avtomobil yolları infrastrukturunun yenilənməsi istiqamətində işlər görüləcək. Dəniz limanında 12 vaqon tutumlu 13 bərənin alınması, yeni aerovağzalın tikintisi və digər layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən və kredit hesabına alınan məbləğ 2,8 mlrd. dollar təşkil edir. AB-dən xahiş edirik ki, bu vacib və aktual məsələləri diqqət mərkəzində saxlasın”.

Gürcüstanın sabit inkişaf və iqtisadiyyat naziri Georgi Kvirikaşvili jurnalistlərə açıqlamasında Bakı-Tiflis-Qars dəmiryolunun tikintisi ilə bağlı bu gün Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov ilə görüş keçirəcəklərini də bildirib: “Bu layihə Gürcüstan üçün prioritet layihələrdən biridir. Gürcüstanın baş naziri Bidzina İvanişvili də bu layihəyə böyük önəm verir və bizə xüsusi tapşırıq verib ki, layihə ilə əlaqədar bütün məsələləri yaxın günlərdə həll edək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR