AFFA qalmaqallı mətbuat konfransına münasibət bildirib

AFFA qalmaqallı mətbuat konfransına münasibət bildirib
# 29 mart 2013 14:49 (UTC +04:00)

Bakı – APA. “Rəsmi oyunlardan əvvəl və sonra keçirilən mətbuat konfranslarında deyilən bütün suallar və cavablar hər iki ölkəni təmsil edən jurnalistlərin başa düşdüyü dilə və ya yerli komandanın doğma dili ilə yanaşı, ingilis dilinə tərcümə olunmalıdır. Təəssüflər olsun ki, buna millimizin Portuqaliya ilə oyun ərəfəsində rəqib komandanın media rəsmiləri tərəfindən əməl olunmayıb”. Bunu apasport.az saytına AFFA-nın baş katibi Elxan Məmmədov deyib.

Millimizin Portuqaliya ilə görüşündən (0:2) əvvəl və sonra rəqib komandanın baş məşqçisi Paulu Bentunun iştirakı ilə keçirilən mətbuat konfransında ilkin sual - cavabların dilimizə tərcümə olunmamağı yerli jurnalistlər arasında ciddi narazılıqla qarşılanıb. Buna etiraz əlaməti kimi, onların böyük əksəriyyəti mətbuat konfransını tərk ediblər.

Mətbuat konfransında yaşananları xoşagəlməz hal kimi dəyərləndirən baş katib fikrini belə izah etdi: “Biz AFFA olaraq, bunun yolverilməz olduğunu bildiririk. Çünki millimizin baş məşqçisinin keçirdiyi mətbuat konfransı Azərbaycan dili ilə yanaşı, ingilis dilinə də tərcümə olundu. Rəqib isə mətbuat konfransının canlı yayımlanmasını bəhanə edərək bu qaydanı pozdu. Onu da əlavə etmək istərdim ki, bu olay FİFA və UEFA tərəfindən oyuna təyinat alan nümayəndələrin diqqətindən yayınmadı. Nəzərə almaq lazımdır ki, bütün rəsmi oyunlarda olduğu kimi, bu qarşılaşmada da baş məşqçilərin və futbolçuların fikirlərinin operativ olaraq canlı yayımı üçün danışdığı dildə verilməsi məqsədilə "fləş-müsahibə" və "miks" zonaları yaradılmışdır və rəqib baş məşqçi canlı yayım üçün bundan istifadə edə bilərdi".

Qeyd edək ki, Braqada keçirilən ilk oyun zamanı da Bentunun fikirləri dilimizə və ya ingiliscəyə tərcümə olunmamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR