Masallıda İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilib

Masallıda İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərin təqdimatı keçirilib
# 21 dekabr 2012 12:25 (UTC +04:00)

Bakı – APA-Economics. Bu gün Masallı rayonunda İqtisadi İnkişaf Nazirliyinin (İİN) təşkilatçılığı ilə “İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər” mövzusunda tədbir keçirilib.

Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, tədbirdə Masallı və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Lənkəran iqtisadi rayonda fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.

İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)” və “Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi sahəsində görülmüş işlər barədə tədbir iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, İİN-in www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılıb. Bölmədə nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların və malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilib. Ümumiyyətlə, nazirlik tərəfindən 7 istiqamətdə interaktiv, 9 istiqamət üzrə isə informativ elektron xidmətlər göstərilir.

Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da həyata keçirilir. Eyni zamanda cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb, vətəndaşların on-line rejimində qəbula yazılmaları, onların müraciətlərinin on-line rejimdə qəbulu və cavablandırılması, vətəndaşların Nazirliyin məsul işçiləri ilə canlı video əlaqəsi, vətəndaşlarla on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, vətəndaşlar üçün nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlərin göstərilməsi təşkil olunub.

Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa İttifaqının “İqtisadi İnkişaf Nazirliyinə Dəstək” layihəsi ilə birgə Avropa İttifaqı bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış ixracata yardım Xidmət Mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları, sahibkarların bu səhifədən istifadə edərək necə faydalana biləcəkləri və Avropa İttifaqının Ümumiləşdirilmiş İmtiyazlar Sistemi (GSP) barədə sahibkarları məlumatlandırıb.

Tədbirdə çıxış edən İstehlak Mallarının Ekspertizası Bürosunun əməkdaşı Elçin Məlikov malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə məlumat vermiş, elektron xidmətlərin xüsusi əhəmiyyətini vurğulayıb.

İİN nümayəndələri tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların, mənşə və keyfiyyət sertifikatlarının alınması, qrant müqavilələrinin qeydiyyatı və s. xidmətlərdən on-line rejimində istifadə prosedurunu nümayiş etdiriblər. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR