Sabir Rüstəmxanlı ABŞ-a səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib - FOTO

Sabir Rüstəmxanlı ABŞ-a səfərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib - <span style="color: red;">FOTO
# 03 may 2013 12:28 (UTC +04:00)

Bakı. Ramil Məmmədli - APA. Dünya Azərbaycanlıları Konqresinin (DAK) həmsədri Sabir Rüstəmxanlı ABŞ səfərinin yekunlarına həsr olunan mətbuat konfransı keçirib.

APA-nın məlumatına görə, S.Rüstəmxanlı bildirib ki, DAK həmsədrləri olaraq həmkarı Firudin Pərvizniya ilə ABŞ-a növbəti səfəri zamanı əsas görüşlər ABŞ Dövlət Departamentində və Konqresdə olub.

Hər iki qurumda DAK-ın bölgədəki proseslərə və ABŞ-ın bu proseslərdəki roluna münasibət bildirilib. O qeyd edib ki, bölünmüş Azərbaycan xalqının son iki yüz ildə yaşadığı faciələr və azərbaycanlıların probleminin həllinin bölgəyə sabitlik gətirə biləcəyi haqda da fikirlər adıçəkilən qurumlardakı görüşlər zamanı amerikalı rəsmlərin diqqətinə çatdırılıb: “Bildirdik ki, əslində bu gün dünyada yaşadığı faciələrin mürəkkəbliyi və çoxcəhətliliyi baxımından Azərbaycan türkləri ilə müqayisə oluna bilən ikinci bir xalq tapmaq çətindir. Bölünməyimiz, Ermənistan adlanan torpaqlarımızdan deportasiya olunmağımız, Dağlıq Qarabağ və ətraf rayonların işğal olunması, İranda yaşayan 35 milyon Azərbaycan türkünün bütün insan haqlarından məhrum edilməsi təkcə bizi yox, Cənubi Qafqazda və regionda sabitlik istəyən bütün beynəlxalq təşkilatları düşündürməlidir. Çünki Azərbaycan məsələsi həll olunmadan bölgədə demokratik istiqamətdə hər hansı inkişaf gözləmək sadəlövhlükdür”.

S.Rüstəmxanlı bildirib ki, bölgədə vəziyyətin nizamlanmasında ən ciddi maneə İran rejimidir: “Görüşlər zamanı İran rejiminin Azərbaycan fəallarına qarşı qeyri-insani, repressiv cəza tətbiqi ilə bağlı konkret faktlar söylədik, Urmiya gölünün qurudulmasının millətimizə qarşı növbəti planlaşdırılmış xəyanət olduğunu və bu məsələnin həllində beynəlxalq ekoloji durumların köməyinə ehtiyac olduğunu vurğuladıq. Eyni zamanda onu da qeyd etdik ki, ABŞ-ın Minsk Qrupundakı fəaliyyəti və Orta Şərq proyektinin bəzi məqamları azərbaycanlıları ciddi şəkildə narahat edir və dolayı yolla ABŞ-ın bölgədəki nüfuzuna zərbə vurur, demokratiyanın inkişafını ləngidir”.

DAK həmsədri görüşlərdə Dağlıq Qarabağ münaqişəsi ilə də bağlı müzakirələrin aparıldığını söyləyib. O, ABŞ-ın hər iki qurumunda Azərbaycanla bağlı mövqelərinin anlayışla qarşılandığını da deyib: “Hər iki görüş ABŞ-da Güney Azərbaycan probleminə marağın artdığını bir daha təsdiq etdi. Görüşdə Firudin Pərvizniya DAK-ın fəaliyyəti və səfirliklərimizin ümummilli məsələdə DAK-a yardımının zərurətindən bəhs etdi. Səfər çərçivəsində biz eyni zamanda DAK İdarə Heyətinin üzvü Eldar Qaradağlının Güney Azərbaycanın problemlərinə həsr olunmuş kitabının təqdimatında da iştirak etdik. Səfərin ikinci hissəsi Nyu-Yorkdakı görüşlərimiz üçün ayrılmışdı. Burda biz Türkiyə və Azərbaycan cəmiyyətlərinin “erməni yalanlarına son!” çağırışı ilə keçirilən mitinqində çıxış etdik, BMT-dəki səfirliyimizdə, türk ülkü ocaqlarında görüşlər keçirdik, Azərbaycan diaspor təşkilatlarının qonağı olduq”.

S.Rüstəmxanlı qeyd edib ki, Güney Azərbaycan Milli Oyanış Hərəkatının lideri, DAK Məşvərət Məclisinin sədri Mahmudəli Çöhrəqanlı həm Azərbaycandan, həm də Türkiyədən narazıdır: “Mahmudəli bəy ona qarşı olan münasibətdən çox narazıdır və narazılıq da haqlıdır. Onun İrana gedə bilməməsinin səbəbi bəllidir. Lakin Azərbaycana və Türkiyəyə gələ bilməməsi aydın deyil. Bu onu sıxır. Səfər çərçivəsində 4-5 gün Mahmudəli bəylə birgə olduq. Dediklərimin şahidi oldum”.

Mətbuat konfransında DAK-ın İran-Azərbaycan münasibətləri, son proseslərlə bağlı bəyanatı da təqdim edilib. Bəyanatda bildirilib ki, İran İslam Cümhuriyyəti daban-dabana zidd olan, bir-birini inkar edən və Azərbaycan Respublikasının xarici siyasətinin ciddiyyətini şübhə altına alan fikirlər, bəyanatlar səsləndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR