ARDNŞ-ın Avropada daha bir nümayəndəliyi açılıb

ARDNŞ-ın Avropada daha bir nümayəndəliyi açılıb
# 14 noyabr 2012 08:24 (UTC +04:00)

ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, bu münasibətlə keçirilmiş mərasimlər çərçivəsində ARDNŞ prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin Brüsselə səfər etmiş digər təmsilçiləri nümayəndəliyin ofisində olub.

Sonra «Avropa İttifaqı və Azərbaycan: strateji tərəfdaşlıq – Cənub qaz dəhlizi və digər istiqamətlər» mövzusunda sessiya keçirilib. Tədbirdə Avropa Komissiyasının vitse-prezidenti Siim Kallas, Aİ komissarları, Avropa Parlamenti, Belçika və Azərbaycan parlamentlərinin üzvləri, Belçika hökumətinin təmsilçiləri, diplomatlar, ekspert və şərhçilər, neft və qaz şirkətləri, maliyyə-bank sektoru, KİV və ictimai təşkilatların nümayəndələri iştirak ediblər. Sessiyanın moderatoru - Vaşinqtondakı Ceymstaun Fondunun baş mütəxəssisi, beynəlxalq strateji münasibətlər üzrə tanınmış ekspert Vladimir Sokor Azərbaycanın Avropanın şərqində Qərbin strateji tərəfdaşı olduğunu vurğulayaraq, Qərb təmayüllü inkişafı respublikamız üçün ümummilli məsələ kimi xarakterizə edib, ölkəmizin beynəlxalq humanitar əməliyyatlarda aktiv fəaliyyətini yüksək qiymətləndirib. Azərbaycanı «postsovet məkanında və bütövlükdə regionda dini və etnik zəmində tolerantlıq simvolu» adlandıran V.Sokor ölkəmizin «uğurla müasirləşən bir müsəlman dövləti» olaraq millətlər, mədəniyyətlər və sivilizasiyalar arasında körpü rolunu oynadığını qeyd edib. Cənub qaz dəhlizi layihəsinin Aİ ölkələrinin enerji təhlükəsizliyi üçün əhəmiyyətinə toxunan ekspert dəhlizin reallaşdırılması istiqamətində Azərbaycanın göstərdiyi səyləri təqdir edərək TransAnadolu qaz boru kəməri (TANAP) layihəsinin bu baxımdan irəliyə doğru atılan addım olduğunu vurğulayıb.

ARDNŞ prezidenti R.Abdullayev Azərbaycanın yeni neft strategiyası çərçivəsində neft-qaz sənayesində qazanılmış nailiyyətlər barədə danışaraq, şirkətin beynəlxalq enerji bazarına inamla daxil olmasından və Avropa ölkələrində fəaliyyət coğrafiyasını genişləndirmək imkanlarından bəhs edib. Avropanın enerji təchizatında Azərbaycanın neft ixracatçısı kimi mühüm rolunu diqqətə çatdıran ARDNŞ prezidenti respublikamızın qısa müddətdə qaz ixracatçısı kimi böyük nüfuz qazandığını bildirib. R.Abdullayev Cənub qaz dəhlizi layihəsinin perspektivlərindən danışaraq bu dəhlizin əsasını təşkil edəcək TANAP qaz boru xəttinin tikintisinə hazırlıq məsələləri haqda məlumat verib. Şirkət rəhbəri əmin olduğunu bildirib ki, ARDNŞ-in Brüssel nümayəndəliyinin fəaliyyətə başlaması ilə Azərbaycan və Aİ ölkələri arasında enerji əməkdaşlığı daha intensiv inkişaf mərhələsinə keçəcək.

Tədbirdə Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov, Azərbaycanın Belçikadakı səfiri, Aİ yanında nümayəndəliyin başçısı Fuad İsgəndərov Azərbaycanla Aİ arasında tərəfdaşlığın yalnız enerji məsələləri ilə məhdudlaşmadığını, bunun daha geniş mahiyyət kəsb etdiyini, mədəni və siyasi əhəmiyyət daşıdığını bildiriblər. Azərbaycan Milli Məclisinin sədr müavini Valeh Ələsgərov isə bildirib ki, TANAP layihəsinin dəstəklənməsi yalnız Azərbaycan, Gürcüstan və Türkiyə üçün deyil, Aİ üçün də önəmli məsələdir.


ARDNŞ-in vitse-prezidenti Tofiq Qəhrəmanovun şirkətin strateji inkişaf layihələri, «Azərikimya» İB-nin Müşahidə Şurasının sədri, millət vəkili Muxtar Babayevin ölkəmizdə neft-kimya sənayesinin inkişafı ilə bağlı keçirdikləri təqdimatlar sessiya iştirakçıları tərəfindən maraqla qarşılanıb. Sessiyanın sonunda söz alan Aİ-nin enerji məsələləri üzrə komissarı Günter Ottinger Azərbaycanın son 20 ildə böyük inkişaf yolu keçərək dünya iqtisadiyyatında önəmli mövqeyə sahib olduğunu və bu irəliləyişdə ARDNŞ-in böyük rolu olduğunu bildirib: «Şirkətin Avropanın mərkəzində öz yerini təsdiqləməsi də bunu bir daha sübut edir. Bu gün ARDNŞ Azərbaycanı Avropa ilə daha da yaxınlaşdırıb». Cənub qaz dəhlizinin Azərbaycanı Aİ ilə sıx bağlayacağını söyləyən Avropa komissarı TANAP layihəsini bu sistemin mühüm infrastruktur elementi kimi qiymətləndirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR