Tədqiqatçı alim Cenifer Vistrand: “Dünyada azərbaycanlı qaçqınlara hələ də lazımi qədər diqqət yetirilmir” - EKSKLÜZİV

Tədqiqatçı alim Cenifer Vistrand: “Dünyada azərbaycanlı qaçqınlara hələ də lazımi qədər diqqət yetirilmir”  - <span style="color: red;">EKSKLÜZİV
# 02 mart 2013 08:40 (UTC +04:00)

Doktor Vistrand 2006-2008-ci illərdə Azərbaycanda yaşayıb, Bakı və Ucar məktəblərində, Bakı ətrafında məcburi köçkünlərin yaşadığı ərazilərdə tədqiqatlar aparıb. Onun tədqiqatlarının əsas hədəfi yuxarı sinif şagirdlərinin təhsili və onların böyük şəhərin həyatına inteqrasiyası məsələləri olub.

Hazırda çalışmaqda davam etdiyi Vudro Vikson Mərkəzində keçirilən təqdimat zamanı müəllif bir çox sualları cavablandırmağa, Ermənistan səfirliyinin və qondarma “ABŞ-dakı DQR nümayəndəliyi”nin təmsilçilərinin hücumlarını dəf etməyə məcbur qalır. Diskussiyalarda Azərbaycanın ABŞ-dakı səfirliyinin nümayəndələri də aktiv iştirak ediblər.

Xanım Cenifer Vistrandın APA-nın Vaşinqton müxbirinə verdiyi müsahibəni diqqətinizə çatdırırıq.

- Azərbaycanlı qaçqın və məcburi köçkünlərin problemləri ilə məşğul olan başqa tədqiqatçılar tanıyırsınız?

- Qaçqınlar və məcburi miqrasiya məsələlərini tədqiq edən çoxlu alimlər var, bu mövzuya həsr olunmuş elmi jurnallar var. Lakin Azərbaycana o qədər də çox diqqət ayrılmır. Əgər ixtisaslaşmış elmi ədəbiyyatda Dağlıq Qarabağdan olan məcburi köçkünlərə həsr olunmuş məqalələrin sayını digər separatçı hərəkatlara, məsələn Kosovo, Abxaziya, Cənubi Osetiyaya həsr olunmuş məqalələrlə müqayisə etsək, görərik ki, belə məqalələrin sayı çox deyil. Baxmayaraq ki, Dünya Bankının 2011-ci ildə dərc etdiyi hesabatında Azərbaycanın adambaşına düşən qaçqın və məcburi köçkünlərin sayına görə ən yüksək göstəricilərə sahib ölkələrdən biri olduğu göstərilir. Amma nədənsə Azərbaycan o qədər çox diqqət cəlb etmir.

- Sizcə bu nə ilə əlaqədar ola bilər?

- Sözün açığı, bilmirəm. Fikrimcə, Azərbaycan kifayət qədər mühüm ölkədir. Bu, əhalisi çox olmayan ölkədir, lakin əhəmiyyətli neft və qaz ehtiyatlarına, həmçinin Rusiya, İran və Türkiyə arasında yerləşmək kimi mühüm geosiyasi mövqeyinə diqqət cəlb etməlidir.

Əgər BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı kimi beynəlxalq təşkilatlardan danışsaq, onlar təxirəsalınmaz tədbirlərin görülməsi tələb olunan vəziyyətlərə üstünlük verirlər. Məsələn, Suriyadan qaçqınların Türkiyədə sığınacaq tapması kimi məsələlərə. Dağlıq Qarabağ münaqişəsində 1994-cü ildə atəşkəs haqqında saziş imzalanıb və bu təəssüf ki, beynəlxalq humanitar təşkilatların nöqteyi-nəzərindən qaçqın və məcburi köçkünlər probleminə diqqətin azalmasına səbəb olub.

Lakin bu məsələnin dərinliklərin vardıqca, daha çox heyrətlənirəm: “Niyə bu vəziyyət diqqəti cəlb etmir? Bu qərarları kim qəbul edir? Bu səbəbdən öz tədqiqatlarımın nəticələrini dərc etməyə çalışıram ki, Azərbaycanla bağlı da hər hansı ədəbiyyat olsun.

- Akademik tədqiqatlar mühitindən Vaşinqtondakı siyasiləşmiş mühitə necə adaptasiya oldunuz? Tədqiqatlarınızın müzakirəsi zamanı bu cür müqavimətlə qarşılaşacağınızı gözləyirdiniz?

- Deməliyəm ki, Azərbaycanda müşahidə etdiyim bütün bu dialoqun Vaşinqtonda təkrarlanması mənim bir az şoka saldı. Mən bu kimi şeylər gözləyirdim, amma bu dərəcədə yox. Əlbəttə səfirlik əməkdaşlarının vəzifəsi öz hökumətlərinin mövqeyini təqdim etməkdir. Azərbaycan hökuməti də, Ermənistan hökuməti də əks mövqelərdən çıxış edirlər.

Lakin mən Azərbaycanla bağlı tədqiqatlarımın nəticələrini təqdim edəndə bu kimi suallarla üzləşirəm: “Bəs niyə Qarabağdakı qaçqınların durumunu tədqiq etməmisiniz?”. Mənə yalnız “çünki mən bu mövzu ilə məşğul olmamışam, bu, mənim tədqiqatımın mövzusu deyil” demək qalır. Bilimrəm, bəlkə də belə cavab siyasi mühitdə qəbul olunmur. Mən buna bənzər şeylər gözləyirdim, amma bu dərəcədə olacağını güman etməzdim.

- Bu təzyiqlər tədqiqatlarınızda öz əksini tapa bilərmi? Qorxmursunuz ki, tədqiqatlarınızın nəticələrini dərc etməklə öz maraqlarını güdən qrupların tənqid hədəfinə çevrilərsiniz?

- Hələlik bu, məni dayandıra bilməz. Tədqiqatlarım ilk əvvəl iqtisadi miqrasiyanın evdə qalan ailə üzvlərinə təsirinə həsr olunmuşdu. İndi isə məcburi köçkünlərin düşdüyü vəziyyətin onların gündəlik həyatına, ailələrinə, ümidlərinə, səylərinə necə təsir etdiyini araşdırıram. Məni məhz bu məsələlər düşündürür və bu məlumatları dərc etməyə hazırlaşıram.

Bu məlumatlardan necə istifadə olunacağına mən nəzarət edə bilmərəm. Ümidvaram ki, mənim bu məlumatları hökumətin nöqteyi-nəzərindən deyil, məcburi köçkünlərin mövqeyindən çatdırdığım hər kəsə aydın olacaq.

Mən Vudro Vilson Mərkəzində çıxış edən zaman hər tərəfdən bir nəfərin sualını gözləyirdim. Lakin məni öz mövqelərini açıqlayan ermənilərin say çoxluğu şoka saldı. Yenə də təkrar edirəm, mən siyasi mövqedən çıxış etmirəm, mən sadəcə gördüklərini danışıram.

- Sizin bu məsələ ilə bağlı hansısa tövsiyələriniz varmı?

- Bilirəm ki, məsələn, Dünya Bankı azərbaycanlı qaçqınlarla bağlı məsələyə hələ də maraq göstərir. Onların bu yaxınlarda dərc olunmuş hesabatını oxudum, hesabatda deyilir ki, onlar məcburi köçkünlərin daha peşəkar vərdişlərə yiyələnmək və inteqrasiya etmək imkanları təqdim etməyə çalışırlar.

Başa düşürəm, onlar üçün çox şey tikilib. Bu əlbəttə ki əladır. Amma heç kim onların öz evlərinə nə zaman qayıdacağını bilmir, ola bilər ki, bu, tezliklə olmasın. Mən bu şəraitdə dünyaya gəlmiş və hazırda 19-20 yaşları olan gəncləri daha müstəqil görmək istərdim. İstərdim ki, bu şəraitdə yaşamalarına rəğmən cəmiyyətə daha çox inteqrasiya olunsunlar, özlərini cəmiyyətin bir hissəsi hesab etsinlər.

- Azərbaycanda bu mövzuda tədqiqatlarınızı davam etdirmək planınız varmı?

- Mən bu tədqiqatları davam etdirmək istərdim, çünki mənə elə gəlir ki, bu mövzuya kifayət qədər diqqət ayrılmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR