Bakıda “Cracking art” və “Səməni” Beynəlxalq İncəsənət Sərgisi açılıb

Bakıda “Cracking art” və “Səməni” Beynəlxalq İncəsənət Sərgisi açılıb
# 18 mart 2015 17:23 (UTC +04:00)

Heydər Əliyev Fondundan APA-ya verilən məlumata görə, Fondun vitse-prezidenti Leyla Əliyeva sərginin açılış mərasimində iştirak edib.

Avropanın məşhur “Cracking Art Group” əsərləri Mərkəzin parkında nümayiş etdirilir. “Pop-art” janrındakı nəhəng incəsənət əsərlərindən ibarət sərgi IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə təşkil olunub. Layihənin məqsədi Azərbaycanda ekoloji problemlərin həllinə, flora və faunanın qorunmasına diqqəti artırmaqdır. IDEA-nın rəhbəri Leyla Əliyeva bura toplaşan gənclərlə birlikdə sərgi ilə tanış olub. Qeyd edək ki, 1993-cü ildə Avropanın 6 rəssamı - italiyalı Renzo Nukara (Renzo Nucara), Marko Veronez (Marco Veronese), Kikko (Kicco), fransalı Aleks Anci (Alex Angi), belçikalı Karlo Rizzetti (Carlo Rizzetti), Vilyam Svitlav (William Sweetlove) bir araya gələrək “Cracking Art Group”u yaradıblar. Bu hərəkat bütün səylərini müasir incəsənət haqda təsəvvürlərin dəyişməsinə, sənətdə sosial və ekoloji istiqamətlərdə innovativ metodlar tətbiq etməklə yenilik yaratmağa yönəldib.

Martın 18-də, həmçinin Mərkəzin parkında ənənəvi “Səməni” sərgisi təqdim olunub. Novruz bayramı ərəfəsində keçirilən sərgidə müasir incəsənət nümunələri - səmənilər nümayiş etdirilib. Bu sərgi Novruz günlərində izləyicilərə bayram əhval-ruhiyyəsini birlikdə yaşamağa və rəssamların Novruz ənənələrinə modern yanaşmasını təqdim edən incəsənət əsərləri ilə tanış olmağa imkan yaradır. Xatırladaq ki, Azərbaycanın təşəbbüsü ilə 2009-cu il sentyabrın 30-da Novruz UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də isə BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan olunub.

Tədbir çərçivəsində iştirakçılar arasında keçirilən viktorinanın qaliblərinə qiymətli hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR