Müasir dilçiliyin problemləri Bakıda beynəlxalq konfransda müzakirə ediləcək

Müasir dilçiliyin problemləri Bakıda beynəlxalq konfransda müzakirə ediləcək
# 16 oktyabr 2014 09:19 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutu oktyabrın 22-24-də birinci “Sələflər və xələflər” beynəlxalq simpozimu keçirəcək. APA-nın xəbərinə görə, institutun direktoru, akademik Tofiq Hacıyev bu gün keçirilən mətbuat konfransında bildirib ki, gələn həftə Bakıda keçiriləcək birinci “Sələflər və xələflər” beynəlxalq simpoziumunda müasir dilçiliyin problemləri müzakirə olunacaq. Onun sözlərinə görə, beynəlxalq elmi məclisə dünyanın 12 ölkəsindən nümayəndə dəvət olunub. O qeyd edib ki, gələcəkdə bu konfrans iki ildən bir davam etdiriləcək.

T.Hacıyev “Azərbaycan dilinin qloballaşan şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın yerinə yetirilməsi sahəsində görülən işlərdən danışıb. İnstitut direktoru bu proqramın Azərbaycan dilinin inkişafı üçün geniş imkanlar açdığını vurğulayaraq bir neçə istiqamətdə monitorinqlər apardığını bildirib. T.Hacıyevin sözlərinə görə, monitorinqlərin aparılmasında məqsəd küçədəki reklamdan tutmuş dövlət sənədlərinə kimi Ana dilinin tələblərinə, qaydalarına riayət edilməsini təmin etməkdir.


İnstitutun elmi işçisi Şahlar Məmmədov teleradio verilişlərinin dili üzərində aparılan ilkin monitorinqlər barədə məlumat verib. O bildirib ki, bu proses Milli Televiziya və Radio Şurası ilə birgə həyata keçirilir. Ş.Məmmadovun sözlərinə görə, monitorinq zamanı Azərbaycan Dövlət Televiziyasından başqa bütün telekanalların proqramlarının dili araşdırılacaq. Elmi işçi qeyd edib ki, monitorinqlərə xəbər və xəbərdən törəmə proqramlar cəlb ediləcək.

İnstitutun böyük elmi işçisi Zamiq Təhməzov isə dərman preparatlarında izahedici vərəqələrin monitorinqi barədə danışıb. O qeyd edib ki, 400 dərman üzərində aparılan monitorinqlər zamanı təxminən 13-14 qüsur müəyyən edilib: “İçlik vərəqələri xəstələrdən daha çox həkimlərin özləri üçün nəzərdə tutulur. Amma bəzən içlik vərəqlərini həkimlər özləri də başa düşmürlər. Əsas problem ondan ibarətdir ki, tərcümələrin vahid bir strukturu yoxdur və izahatlar müxtəlif şəkildə verilir. Bundan əlavə, əsas tipik qüsur həddindən çox sahə terminologiyasından istifadə olunur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR