BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri: “Azərbaycan və Ermənistanın Dövlət komissiyaları istəsə, BQXK onların görüşünə vasitəçilik edə bilər” - MÜSAHİBƏ - FOTOSESSİYA

BQXK-nın Azərbaycan nümayəndəliyinin rəhbəri: “Azərbaycan və Ermənistanın Dövlət komissiyaları istəsə, BQXK onların görüşünə vasitəçilik edə bilər” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">FOTOSESSİYA
# 05 aprel 2013 07:53 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva-APA. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri xanım Deniz Duranın APA-ya müsahibəsi

- BQXK-nın regionda fəaliyyətinin artıq 20 ili tamam olub. Ötən dövrkü fəaliyyətinizi necə qiymətləndirirsiniz? Bu illərdə BQXK Azərbaycandakı missiyasını tam yerinə yetirə bilibmi?

- Arxaya nəzər saldıqda görürük ki, Azərbaycanda öz missiyamızı yerinə yetirə bilmişik. Əlbəttə, münaqişənin qızğın vaxtlarında BQXK, eləcə də digər təşkilatlar böyük məcburi köçkün ordusu ilə qarşılaşmışdılar. Həmin vaxtdan başlayaraq BQXK lazımi yardımı həyata keçirib. BQXK-nın həyata keçirdiyi xüsusi rol isə neytral vasitəçi rolu idi. BQXK əvvəldən tərəflər arasında bunu təklif edərək hərbi əsirlərə və internə edilmiş mülki şəxslərə baş çəkib, onların qaytarılması xidmətini də həyata keçirib. Bu, tərəflərin arzusu ilə həyata keçirilib. Bu fəaliyyət münaqişənin kəskin vaxtında daha çox idi. Amma buna baxmayaraq bu fəaliyyət hələ də özünü doğruldur. Sonuncu internə edilmiş şəxslərin qaytarılması Novruz bayramı günündə baş verdi. Münaqişənin gərgin zamanlarında BQXK tibbi, ortopedik və digər proqramlar da həyata keçirib.

Münaqişənin təsiri hələ davam edir. Məcburi köçkünlər hələ də öz evlərində olmasalar da, vəziyyət xeyli stabilləşib, gərginlik azalıb. BQXK-nın fəaliyyəti də indiki vaxta uyğun olaraq dəyişib. Hazırda həyata keçirdiyimiz layihələrdən biri də cəbhəyanı ərazidə yaşayan əhaliyə köməkdir. Bu kövrək qrupa daxil olan əhalidir. Bu sahədə Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) və Böyük Britaniyanın Qızıl Xaç Cəmiyyəti ilə əməkdaşlıq edirik. Biz inteqrasiya edilmiş yanaşmaya üstünlük veririk. BQXK, AzQAC könüllüləri və yerli icra hakimiyyəti orqanları ilə birlikdə həmin icmaların ən kövrək ailələrini müəyyənləşdiririk. Həmin ailələrə birdəfəlik nağd pul qrantları verilir. Məqsəd bu ailələrin iqtisadi vəziyyətini yaxşılaşdırmaqdır. Biz icmalarda ayrı-ayrı ailələrlə işləməklə bərabər, həm də icmaların ümumi istəklərini həyata keçiririk, onlar üçün xeyir-şər çadırları alır, bağçanı, hamamı təmir edirik. Bu proqramın bir hissəsi olaraq icmada suya olan ehtiyacı öyrənirik. İcmalarla birlikdə cəbhə xəttinə yaxın və təhlükəli ərazilərdə yaşayan ailələri müəyyənləşdiririk. Proqram çərçivəsində atəş zamanı birbaşa zərər dəyə bilən ailələrin evlərinin girişini dəyişdirmək, girişi müdafiə etmək üçün divar tikintisinə kömək etmək kimi fəaliyyətlər həyata keçirə bilərik. Bütün bu fəaliyyət bizə imkan verir ki, münaqişə tərəflərinin beynəlxalq humanitar hüququ necə həyata keçirdiyini görək. Beynəlxalq humanitar hüquqa əsasən, hərbi əməliyyatların o ərazidə yaşayan mülki əhalinin gündəlik həyatına təsiri minimum səviyyədə olmalıdır. Bizim tərəflərin hakimiyyət orqanları ilə apardığımız söhbətin bir hissəsi də budur.

- 2012-ci ildə BQXK Azərbaycanda hansı işləri həyata keçirib?

- İtkin düşən şəxslərin ailələrindən itkin düşən şəxs haqqında ətraflı məlumatların toplanılması bir neçə ildir davam edir. Hazırda həmin proqram son mərhələdədir.

BQXK Böyük Britaniya Qızıl Xaç Komitəsi və AzQAC ilə birlikdə 10 kənddən və 1 məcburi köçkünlər üçün qəsəbədən olan 2300 nəfərdən ibarət olan 511 ən kövrək ailəyə kömək edib. Bu ailələrin hər birinə orta hesabla 1000-1100 manat verilib. 7000-ə yaxın əhalisi olan 1553 ailədən ibarət 7 kənddə icma layihələri həyata keçirilib. Özünümüdafiə tədbirləri çərçivəsində isə 8 ailəyə yardım edilib. Təmiz suya imkan yaratmaq üçün 11 yeni su təchizatı sistemi quraşdırılıb ki, bu da 2000-ə yaxın yerli əhalini və 2400-ə yaxın məcburi köçkünü su ilə təmin etməyə imkan verir. İtkin düşmüş şəxslərə psixoloji dəstək layihəsinə yerli QHT-lər də cəlb edilib. 6 ay ərzində itkin düşən şəxslərin ailələri ilə bağlı elə bir fəaliyyət həyata keçirilir ki, gələcəkdə həmin fəaliyyət avtonom şəkildə davam edir. BQXK 4 yerli psixoloqa və itkin ailələrindən olan 14 müşayiətçiyə treninq keçib, dəstək qrupları yaradıb. Ötən il 17 dəstək qrupu yaradılıb, bu qruplarda 130 nəfər iştirak edib. Bu qruplara müxtəlif itkin ailələrinin üzvləri toplaşır, söhbətlər zamanı xüsusi ehtiyacları olan ailələr müəyyənləşdirilir və həmin ailələrə baş çəkilir. Bakı və Bərdədə 422 ailənin ehtiyaclarının qiymətləndirilməsi keçirilib və 223 nəfərin psixoloji dəstəyə ehtiyacı olduğu aydınlaşıb. 158 ailəyə ailə başçəkmələri olub. 135 ailə sosial və hüquqi ehtiyaclarına dəstək üçün müxtəlif orqanlara yönəldilib. 256 ailəyə İranın Qızıl Aypara Klinikasına pulsuz göndəriş verilib.

Ötən il BQXK tərəfindən 5 erməni mülki şəxsə və 4 azərbaycanlı və erməni hərbi əsirə 12 başçəkmə edilib. Bununla yanaşı, BQXK Azərbaycan hakimiyyət orqanlarının səlahiyyətində olan müxtəlif saxlanma yerlərinə 23 başçəkmə keçirib. Bunlar Daxili İşlər, Ədliyyə, Səhiyyə, Milli Təhlükəsizlik nazirliklərinin səlahiyyətində olan saxlanma yerləridir. Başçəkmələrin əsas məqsədi saxlanılan şəxslərlə insani rəftar vəziyyətinə və onların saxlanma şəraitinin minimum standartlara uyğun gəlməsinə nəzarət etməkdir. Əgər hansısa məsləhətlərimiz olarsa, bunu konfidensial olaraq hakimiyyət orqanlarına çatdırırıq. Bu, bizim ikitərəfli dialoqumuzun tərkib hissəsidir. Bəzən biz saxlanılan şəxslərə maddi kömək də edirik. Bu, kitab və ya şəxsi gigiyena vasitələri ola bilər. Amma saxlanılan şəxslərin BQXK-nın ən çox qiymətləndirdikləri xidməti onların ailələri ilə əlaqəsinin bərpa edilməsidir. Bu, “Qızıl Xaç” məktubu, şifahi məlumatlar, hətta zənglər şəklində ola bilər.

BQXK-nın həbsxanalarda həyata keçirdiyi vərəmə qarşı mübarizə proqramı bitsə də, ötən il ərzində bu layihənin regionda əhəmiyyətli layihə olduğunu göstərmək üçün bizim əməkdaşlığımız sayəsində Türkmənistan, Filippin və Qırğızıstanın yüksək səviyyəli nümayəndə heyətləri Azərbaycana gəliblər. Keçən il BQXK ilə Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin əməkdaşlığı nəticəsində sənədli tədris filmi çəkilib. Bu filmdə məqsəd də Azərbaycanın saxlanma yerlərində vərəmlə mübarizəni model olaraq yaymaqdır.

İl ərzində Azərbaycanın Milli Məclisi ilə əməkdaşlıq da davam etdirilib. Bu əməkdaşlıq əsasən itkin düşən şəxslərin talelərinin aydınlaşdırılması və mədəni sərvətlərin qorunması ilə bağlı olub. Biz həmçinin onu da öyrəndik ki, parlament beynəlxalq humanitar hüququn silahlı münaqişələr zamanı pozulmasına görə Cinayət Məcəlləsinə müəyyən dəyişikliklər edib. Ötən il Müdafiə Nazirliyinin 39 yüksək çinli zabiti BQXK-nın təşkil etdiyi 3 beş günlük seminarda iştirak ediblər. Bu il də bu tədbirlər davam etdiriləcək. Polis və daxili qoşunların zabitləri üçün də 2 seminar keçirilib. Bu seminarlarda ümumilikdə 24 polis və daxili qoşunların 24 zabiti iştirak edib.

- Son 20 ildə BQXK-nin xətti ilə nə qədər adam əsir və girovluqdan azad olunub?

- Son 20 ildə BQXK-nın neytral vasitəçiliyi ilə 700-ə yaxın insan - hərbi əsir və mülki internə olunmuş şəxs qaytarılıb.

- Hazırda Azərbaycan və Ermənistan tərəfdə neçə nəfər əsirlikdə saxlanılır? Onlara son başçəkmə nə zaman olub? Həmin şəxslərin qaytarılması istiqamətində hansısa işlər görülürmü? Hər iki tərəfdə saxlanılan şəxslərin üçüncü ölkəyə getmək arzularının olduğu bildirilir..

- Hazırda Azərbaycanda 5 nəfərdən ibarət bir ailə - mülki internə olunmuş şəxs, Ermənistanda isə bir hərbi əsir var. Azərbaycanda saxlanılan mülki şəxslərə son başçəkmə fevralın 7-də, Ermənistanda saxlanılan hərbi əsirə başçəkmə isə martın 27-də həyata keçirilib.

Bilirəm ki, bu sual ictimaiyyəti çox maraqlandırır. Amma müəyyən konfidensiallıq məsələlərinə görə, biz bəzi məsələlər barədə ictimaiyyətə açıqlamalar vermirik. Bu da onlardan biridir. Saxlanılan şəxslərin bizimlə olan söhbəti, onların arzuları konfidensial məsələdir.

- Azərbaycanın Dövlət Komissiyasının məlumatına görə, azərbaycanlı əsirlər Ermənistanda mənəvi–psixoloji təzyiqlərə, Vətənə qayıtdıqda həbs olunacaqları ilə bağlı böhtanlara məruz qalıblar. Məhz bunun nəticəsində Azərbaycanın əsirlikdə olmuş 8 hərbçisi iradəsinin əksinə olaraq üçüncü ölkədə yaşamağa üstünlük verib. Siz başçəkmələr zamanı belə faktlar aşkarlamısınızmı?

- Belə hallar var ki, saxlanılan şəxslər öz ölkələrinə qayıtmamaq arzularını bildirilər. Belə hallar bütün dünyada baş verir. Həmin insanlara qaçqın statusu verilir. Qaçqınlar haqqında beynəlxalq qanun da var. Amma bu qanun BQXK-nın işlədiyi qanun deyil. Bu qanunla işləyən BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığıdır. Bu məsələ bizim səlahiyyətimizdə deyil. BQXK insanların üçüncü ölkəyə göndərilməsində bir tərəf deyil və bu prosesdə iştirak etmir.

- Hazırda BQXK-nın siyahısında itkin düşmüş şəxs kimi nə qədər adamın adı var? Bu siyahılar Dövlət Komissiyasının siyahısından nə dərəcədə fərqlənir?

- 2012-ci ilin sonuna olan məlumata əsasən, BQXK tərəfindən Dağlıq Qarabağ münaqişəsi nəticəsində itkin düşmüş 4627 nəfər qeydiyyata alınıb. Onlardan 4191 nəfərin işi BQXK-nın Azərbaycan nümayəndəliyinin nəzarəti altındadır. Bu saya həm də Dağlıq Qarabağ ərazisi daxildir. İtkin düşmüş şəxslərin sayı dəyişə bilən saydır. Bu, BQXK-nın qeydiyyatdan keçirdiyi insanların sayıdır. Dövlət Komissiyasında olan rəqəmlər başqadır. Siyahılarda fərq qeydiyyat üçün tələblərin fərqli olmasından yaranır. BQXK-da qeydiyyatdan keçmək üçün itkin düşmüş şəxsin birbaşa ailə üzvü müraciət etməli və axtarış sorğusu qaldırmalıdır. Bunun nəticəsində həmin şəxs itkin düşmüş şəxs kimi o siyahıya əlavə edilir. Dövlət Komissiyasında isə ailə üzvlərinin birbaşa müraciəti əsas deyil. Onlar müxtəlif mənbələrdən istifadə edirlər. İtkin düşmüş şəxslərin döyüş yoldaşları da belə mənbə ola bilərlər. Buna görə də siyahılar fərqlidir. Amma bizim son məqsədimizi budur ki, BQXK ilə Dövlət Komissiyasının siyahıları mümkün qədər bir-birinə uyğunlaşdırılsın. İtkin düşmüş şəxslərin böyük əksəriyyəti azərbaycanlılardır.

- BQXK itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirilməsində ciddi irəliləyiş əldə edilməsi üçün yeni layihə hazırlayır. Bu layihənin başlamasını münaqişədən zərər çəkən və əzizlərini itirmiş bütün ailələr gözləyir. BQXK ilə Azərbaycan hökuməti arasında bioloji nümunələrin toplanması ilə bağlı saziş nə vaxt imzalanacaq?

- Biz bu il itkin düşmüş şəxslərin ailələrindən bioloji nümunələrin toplanmasına başlamaq istəyirik. Bu nümunələrin toplanmasının məqsədi gələcəkdə ola biləcək eksqumasiyaların köməyi ilə itkin düşmüş şəxslərin talelərinə aydınlıq gətirməkdir. Bioloji nümunələr DNK analizi demək deyil. Bu nümunələr dedikdə ağız suyu nümunəsi və ya qan nümunəsi nəzərdə tutulur. Bir itkin düşmüş şəxsin 4 ailə üzvündən nümunə götürülə bilər. Onlar saxlanılır və lazım gəldikdə bu hazır nümunələrdən DNK analizləri çıxarmaq olar. Artıq Azərbaycanın hakimiyyət orqanlarından bu barədə razılıq alınıb. Nümunə üçün pilot layihəyə başlamaq istəyirik. Pilot layihə 100 ailəni əhatə edəcək. Biz bu prosesi ağız suyu nümunəsinin toplanılması ilə başlamaq istəyirik. Bu, digər prosedurla müqayisədə daha sadədir. Biz bu pilot layihəni qurtardıqdan sonra Dövlət Komissiyası ilə birgə qərara gələcəyik. Bu nəticələrin keyfiyyəti istənilən səviyyədə olsa, ağız suyu nümunələrinin toplanması davam edəcək. Nəticələr istənilən səviyyədə olmasa, biz qan nümunələrin toplanmasına başlayacağıq. Bu layihə xeyli böyük sayda insanı, təxminən 16 min nəfəri əhatə edəcək. Layihənin nə zaman başlayacağı dəqiq deyil. Amma 2013-cü il ərzində biz bunu başlamaq istəyirik və bu barədə razılıq alınıb. Sadəcə bu prosesi başlamaq üçün müəyyən addımlar atılmalıdır.

- Bu nümunələr harada toplanacaq? Azərbaycanda həmin nümunələri saxlamaq üçün müvafiq laboratoriya varmı?

- Məhz bu sualı hazırda Azərbaycanın hakimiyyət orqanları ilə müəyyənləşdiririk. Konkret qərar qəbul ediləndən sonra bu barədə ictimaiyyətə açıqlama verilə bilər.

- BQXK Azərbaycan və Ermənistanın hakimiyyət orqanları ilə kütləvi məzarlıqların xəritəsinin hazırlanması istiqamətində danışıqlar aparırdı. Hazırda bu danışıqlar hansı mərhələdədir?

- Məzarlıqların yerinin müəyyənləşdirilməsi üçün biz Dövlət Komissiyasına öz dəstəyimizi təklif edirik. Amma ilk növbədə bu işlə məşğul olan Dövlət Komissiyasının özüdür. Bu işi onlar həyata keçirirlər.

- Amma döyüş əməliyyatları Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində gedib. Məzarlıqların da böyük əksəriyyəti həmin ərazilərdədir. Bu yerlər işğal altında olduğundan Azərbaycanın ora çıxış imkanı yoxdur. BQXK vasitəçilik edə bilərmi ki, tərəflər ən azı qarşılıqlı şəkildə həmin ərazilərdə məzarlıqların təyin edilməsini həyata keçirə bilsinlər?

- Bəli, bu, bizim təqdim edə biləcəyimiz xidmətlərdəndir. Bizim mandatımıza uyğun elə xidmətlərimiz var ki, onları həyata keçirməyə həmişə hazırıq. Ancaq biz o xidmətləri o zaman həyata keçirə bilərik ki, münaqişə tərəfləri bu fəaliyyətin həyata keçirilməsi ilə razılaşsın. Onlar arzusunda olmalıdırlar ki, biz bu fəaliyyəti həyata keçirək.

- Azərbaycanın müvafiq dövlət komissiyası artıq ölkə ərazisində belə kütləvi məzarların axtarışına başlayıb. İndiyədək nə qədər məzar aşkarlanıb? Eyni proses Ermənistanda da həyata keçirilirmi? Orda nə qədər məzar aşkarlanıb?

- Dövlət Komissiyası ilə birgə işlədiyimizə görə, əlbəttə, müəyyən məlumatları bizimlə bölüşürlər. Amma mən başqa bir təşkilatın planları barədə danışa bilmərəm. Biz yalnız öz fəaliyyətimiz barədə danışa bilərik.

- Yaxın illərdə BQXK-nın Azərbaycanda fəaliyyətinin əsas prioritetləri hansılar olacaq?

- Əgər vəziyyət dəyişməsə, eyni fəaliyyət həyata keçiriləcək. BQXK-nın malik olduğu hüquqlardan biri də neytral vasitəçi olmasıdır. Biz tərəflərə yenə bu xidməti təklif edəcəyik. Biz hətta istərdik ki, bu fəaliyyətimizi daha da dərinləşdirək. Bioloji nümunələrin toplanması layihəsi Azərbaycanla yanaşı, Ermənistanda da həyata keçiriləcək. Bu məlumatların toplanmasının son məqsədi odur ki, tərəflər həmin məlumatları bir-biri ilə bölüşsünlər və itkinlərin talelərinin aydınlaşdırılması sahəsində birgə işləsinlər. BQXK bir vasitəçi olaraq münaqişədə olan tərəflər arasında toplanan məlumatların mübadiləsində vasitəçilik edə bilər. Gələcəkdə toplanmış bioloji nümunələr haqqında məlumatların, hətta Dövlət Komissiyalarının təşkil etdiyi siyahıların digər tərəfə ötürülməsində vasitəçilik edilə bilər.

- Belə bir vasitəçiliyi artıq təklif etmisiz?

- Bu, BQXK-nın belə vəziyyətlərdə təklif etdiyi standart xidmətdir.

- BQXK Ermənistan və Azərbaycanın Dövlət Komissiyalarının ikitərəfli görüşməsinə vasitəçilik edə bilərmi?

- Biz bu xidməti təklif etmişik. Bu, açıq bir təklifdir. Əgər tərəflər belə bir görüş üçün öz arzularını bildirmiş olsalar, biz bu görüşü təşkil etməyə hazırıq.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR