Parlamentin İnsan haqları komitəsi “İctimai iştirakçılıq haqqında” qanun layihəsini müzakirə edib

Parlamentin İnsan haqları komitəsi “İctimai iştirakçılıq haqqında” qanun layihəsini müzakirə edib
# 13 fevral 2013 08:53 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Milli Məclisin İnsan haqları komitəsinin bu gün keçirilən iclasında yeni “İctimai iştirakçılıq haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. APA-nın məlumatına görə, layihə barədə danışan komitə sədri Rəbiyyət Aslanova bildirib ki, qanun layihəsi vətəndaş - dövlət münasibətlərində olduqca mütərəqqi və yeni addım olacaq.

R. Aslanovanın sözlərinə görə, qanunun qəbul edilməsi Azərbaycan vətəndaşlarının eksbon hüquqlarının gerçəkləşməsində atılan mütərəqqi addımdır: “Qanun ilk növbədə cəmiyyətdə olan məlum stereotipi aradan qaldırır. Yəni vətəndaş artıq icra strukturları ilə münasibətdə hiss edəcək ki, onun fikrinin nə dərəcədə böyük əhəmiyyəti var. Bu Azərbaycanda yeni bir tərəfdaşlıq münasibəti ortaya çıxarır. İcra strukturları ilə münasibətdə vətəndaşlar yeni ideyalarla çıxış edə bilirlər, öz mövqelərini nümayiş etdirirlər. Bu, dünya praktikasında çoxdan var”.

Qeyd edək ki, 4 fəsil, 19 maddədən ibarət yeni qanunda ictimai iştirakçılığın təşkilati-hüquqi formaları təsbit olunub. Bunlar İctimai Şura, ictimai müzakirə, ictimai dinləmə, ictimai rəyin öyrənilməsi və ictimai ekspertizadır. Sənəddə o da göstərilib ki, qanunvericiliklə ictimai iştirakçılığın digər təşkilati-hüquqi formaları da müəyyən edilə bilər. Burada İctimai Şura - müvafiq icra hakimiyyəti orqanlarının və yerli özünüidarəetmə orqanlarının yanında yaradılan məşvərətçi qurumdur, səlahiyyət müddəti isə 3 ildən birdir. İctimai Şura 15-21 üzvdən ibarət tərkibdə bu qanunla müəyyən edilmiş tələblər nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq vətəndaş cəmiyyəti institutu tərəfindən seçilir. 18 yaşına çatmış, seçki hüququna malik hər bir vətəndaş İctimai Şuranın üzvü ola bilər. Şuradakı fəaliyyətinə görə üzvlərə əməkhaqqı, qonorar, kompensasiya və başqa ödənişlər verilmir. İctimai Şuradakı fəaliyyətləri dövründə onların əsas iş yerlərindəki əmək haqları və başqa ödənişlər saxlanılır. Qanun vətəndaşların icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə ictimai nəzarəti həyata keçirməyə, onlarla səmərəli qarşılıqlı fəaliyyəti təmin etməyə, bu qurumların fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına xidmət etməyi nəzərdə tutur.

Millət vəkili Fazil Mustafa qanun mütərəqqi qanun olduğunu etiraf etsə də, bunun işləməyən qanun olacağını bildirib: “Əgər burada İctimai Şura Prezident yanında yaradılarsa, icra strukturları bu qanunda təsbit olunarsa, o zaman işlənməsi real görünəcək”. Müzakirələr zamanı texniki təkliflərlə yanaşı İctimai Şuraya sədrin 3 ildən yox, 1 ildən bir seçilməsi təklifləri, o cümlədən qanunun plenar iclasda tövsiyəsinə qədər ictimai müzakirəyə verilməsi təklif olunub. Layihə müəllifi deputat Azay Quliyev isə verilən təkliflərin ictimai müzakirələr zamanı nəzərə alınacağını bildirib. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub. Qeyd edək ki, bundan əvvəl qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsində müzakirə olunaraq plenar iclasa tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR