Azərbaycanda yeni tikililərdə qiymətlərin dövlət nəzarətinə götürülməsi təklif olunur

Azərbaycanda yeni tikililərdə qiymətlərin dövlət nəzarətinə götürülməsi təklif olunur
# 18 aprel 2013 13:12 (UTC +04:00)

«APA-Economics»in məlumatına görə, bunu Bakı Biznes Universitetinin (BBU) professoru Qüdrət Əbdülsəlimzadə bildirib.

İqtisadçı alimin sözlərinə görə, qiymət və qiymətləndirmə məsələsini tamamilə bazarın öhdəsinə buraxmaq düzgün deyil. Çünki burada təkcə iqtisadi problem deyil, ictimai, siyasi, sosial və mənəvi məsələlər də birləşir. Belə ki, bəzi qiymətlərin dövlət tərəfindən tənzimlənməsi həmin məhsulların və xidmətlərin ucuzlaşması ilə nəticələnə bilər ki, bu da son nəticədə əhalinin həyat səviyyəsinə müsbət təsir edər.

Xarici təcrübəni misal çəkən iqtisadçının sözlərinə görə, dünyanın ən yüksək inkişaf etmiş ölkələrində belə, qiymətlərin müəyyən sərbəstliyi və sahibkarın qiymət sahəsindəki sərbəstliyi ilə yanaşı, dövlətin tənzimləyici siyasəti də mühüm yer tutur: «Məsələn, hətta ABŞ kimi klassik bazar iqtisadiyyatına malik olan ölkədə gündəlik tələbat məhsullarından tutmuş strateji məhsullara qədər 857 adda məhsul və xidmətin qiyməti dövlətin nəzarətindədir. Bu o deməkdir ki, həmin qiymətlər müəyyən dəhliz daxilində tənzimlənir, yəni onun mümkün minimum və maksimum qiymətləri müəyyən edilir və qiymətlərin bu arada olması təmin edilir».

Qiymətləri dövlət tərəfindən tənzimlənməli olan məhsullara gəlincə, ekspert «APA-Economics»ə açıqlamasında bildirib ki, ilk növbədə yeni tikilən mənzillərin, gündəlik tələbat mallarının, bəzi ərzaq məhsullarının qiymətləri dövlət tərəfindən tənzimlənməlidir. Q.Əbdülsəlimzadənin sözlərinə görə, hazırda Bakıda yeni tikililərdə, ümumiyyətlə daşınmaz əmlak bazarında qiymətlər dünyanın ən bahalı ölkələri ilə müqayisə olunan həddədir. Bunun səbəbi tikinti sektorunun bəzi qruplar tərəfindən inhisara götürülməsidir: «Mənzil bazarı müəyyən qrupların əlindədir. Onlar ziyana getməyə razıdırlar, amma qiymətləri aşağı salmağa yox».

Q.Əbdülsəlimzadə bildirib ki, belə vəziyyətdə dövlət antiinhisar tədbirlərini işə salmalı və tikililərin qiymətlərini nəzarətə götürməlidir. Bu zaman tikilinin maya dəyəri ilə yanaşı, sahibkarın əldə edəcəyi mənfəət də nəzərə alınmalıdır. Ekspert bildirir ki, hazırda yeni tikililərin maya dəyəri ilə onun bazar qiyməti arasında böyük fərq var. Halbuki bu sahədə sahibkarın mənfəətinin 15-20% olması kifayət qədərdir. «Bizdə isə bu rəqəm 70-100% arasında dəyişir. Bu normal hal deyil», - deyə iqtisadçı bildirib. Onun sözlərinə görə, qiymətlərin dövlət nəzarətinə götürülməsi yeni tikililərin 30%-ə qədər ucuzlaşmasına səbəb ola bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR