Əflatun Amaşov: “Diffamasiya haqqında” qanun layihəsinin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir”

Əflatun Amaşov: “Diffamasiya haqqında” qanun layihəsinin bu il Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir”
# 09 mart 2013 14:56 (UTC +04:00)

Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov APA-ya açıqlamasında bildirib ki, hazırda layihə Venesiya Komissiyasındadır və oradan qayıtdıqdan sonra baxılmaq üçün Azərbaycan parlamentinə təqdim olunması gözlənilir.

Ə.Amaşov qeyd edib ki, MŞ hələ iki il öncədən ATƏT-in Bakı ofisinin ekspert dəstəyi ilə diffamasiya ilə bağlı qanun layihəsi hazırlayıb və həmin vaxt sənədi media ictimaiyyəti də müzakirə edib: “Bu məqsədlə Şurada ölkənin tanınan, ictimai fikrə təsir göstərən kütləvi informasiya vasitələrinin rəhbərlərinin, yerli ekspertlərin iştirakı ilə bir neçə dəyirmi masa da keçirildi. Məsələ ilə bağlı sonuncu dəyərləndirmə 2011-ci ilin sentyabrında Bakıda baş tutmuş beynəlxalq konfransda aparıldı. Dünyanın müxtəlif ölkələrindən dəvət edilmiş ekspertlər sənədi yüksək qiymətləndirdilər. Bizdə olan məlumata görə, hazırda MŞ-nın diffamasiya ilə bağlı qanun layihəsi Avropa Şurasının Venesiya Komissiyasının müzakirəsinə təqdim olunub. Əlbəttə, diffamasiya elə məsələdir ki, onunla əlaqədar müzakirələri bir qədər də genişləndirməyə ehtiyac var. Ümumən cəmiyyətdə diffamasiyaya birmənalı münasibətin olmaması da bunu zəruri edir. Ola bilər, müəyyən yeni variantlar da nəzərdən keçirilsin. Əsas məqsəd prinsipcə, kütləvi informasiya vasitəsində yazılmış yazıya görə cinayət məsuliyyətinin aradan qalxması, belə məsələlərin mülki qaydada tənzimlənməsi mexanizminin tətbiqidir. Hesab edirik ki, ölkə jurnalistikası üçün ən vacib məqam elə budur”.

MŞ sədrinin sözlərinə görə, prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Planı”nda diffamasiya ilə bağlı bəndin yer alması məsələnin dövlət üçün də prioritet olduğunu sübut edir: “İnanıram ki, çox tezliklə diffamasiya ilə əlaqədar qanun layihəsi parlamentdə müzakirə edilərək qəbul olunacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR